Rusiya və Avropanın oxşar taleyi: İnsanlar formal olaraq işə gedir, minimum əməkhaqqı alır...

"Dünya iqtisadiyyatı və Azərbaycan" (Layihənin ideya müəllifi Rüfət Quliyevdir)
Son illərdə dünya siyasəti və iqtisadiyyatı sürətlə dəyişən proseslərin təsiri altındadır. Rusiya–Ukrayna müharibəsi ilə bağlı tətbiq edilən sanksiyalar, enerji daşıyıcılarının qiymətlərindəki kəskin artım, qlobal ticarət əlaqələrində yaranan gərginlik həm Avropa, həm də Rusiya iqtisadiyyatına ciddi təsirlər göstərir. Xüsusilə Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı on doqquzuncu sanksiya paketi qlobal enerji bazarında yeni reallıqlar yaradacaq.
Bu proseslərin fonunda həm Rusiya, həm də Avropa ölkələri mühüm itkilərlə üzləşir. Eyni zamanda Azərbaycan üçün yeni iqtisadi imkanlar meydana gəlir. Enerji resurslarının ixracı və tranziti baxımından ölkəmizin strateji mövqeyi daha da güclənməkdədir.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI), iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a açıqlama verib:
"2022-ci ilin ilk üç ayında Avropa İttifaqının (Aİ) Rusiyadan idxalı, əsasən neft və qaz hesabına, 63 milyard avroya çatmışdı. Mütəxəssislər bu artımı enerji daşıyıcılarının qiymətlərində kəskin sıçrayışla izah edirlər. Xüsusən Almaniya iqtisadiyyatı həmin dövrdə ən çox idxal edənlərdən olub: cəmi üç ay ərzində 4,4 milyard avro dəyərində təbii qaz, 1,4 milyard avro dəyərində isə neft idxal edilib. Doğrudur, hazırda bu göstəricilər 90 faizdən çox azalıb. Lakin enerji daşıyıcılarından sonra Avropa üçün strateji əhəmiyyət daşıyan məhsullar arasında mineral gübrələr (təxminən yarım milyard avro), dəmir və polad (700 milyon avrodan çox), həmçinin nikel və digər xammal qalır".
O bildirib ki, Köln İqtisad Universitetinin mütəxəssislərinin qənaətinə görə, Rusiya ilə Avropa arasında ticarətin hələ də ikitərəfli xarakter daşıdığını və ümumilikdə götürdükdə isə Avropanın idxal baxımından daha üstün mövqədə olduğunu bildirib: "Qeyd edilməlidir ki, Rusiya ilə Avropa arasında ticarət hələ də ikitərəfli xarakter daşıyır və ümumilikdə Avropa idxal baxımından üstün mövqedədir. Bu şəraitdə Aİ Rusiyaya qarşı artıq on doqquzuncu sanksiya paketini tətbiq etməyə hazırlaşır. Sanksiyaların əsas hədəfi 2027-ci ilə qədər Rusiyadan sıxılmış təbii qaz idxalını tam dayandırmaqdır. Bu mövqeni xüsusən ABŞ rəhbərliyi, eləcə də Donald Tramp israrla müdafiə edir. ABŞ-nin marağı aydındır: Avropa Rusiya qazından imtina etdikdə, daha bahalı – hazırda təqribən 2,5-3 dəfə baha olan – Amerika LNG qazına yönəlməyə məcbur qalacaq.
Yeni sanksiyalar, həmçinin Rusiya ilə Avropa şirkətləri arasında hesablaşmalarda kriptovalyutaların istifadəsini kəskin məhdudlaşdırmağı nəzərdə tutur. Bu isə ümumilikdə kriptovalyuta bazarına mənfi təsir göstərəcək. Bundan başqa, “Drujba” boru kəməri ətrafında gərginlik artır; Ukrayna ordusunun dəfələrlə həmin kəməri hədəfə alması Slovakiya və Macarıstanla diplomatik mübahisələrə yol açıb.
Rusiya iqtisadiyyatı üçün nəticələr ağırdır: büdcə kəsiri sürətlə artır, 2025-ci ilin sonuna 10 trilyon rubl həcmində kəsirin mümkünlüyü ehtimal olunur. Bu isə pul kütləsinin çoxalmasına, inflyasiyanın yüksəlməsinə, gizli işsizliyin artmasına gətirib çıxarır. Artıq Rusiyada bir çox insanlar formal olaraq işdə gedir da, yalnız minimal əməkhaqqı alır, iş həftələri isə 3-4 günə enib. Bu vəziyyət sosial-iqtisadi vəziyyəti getdikcə ağırlaşdırır.
Avropa ölkələri üçün də mənzərə yaxşı deyil. Enerji qiymətlərinin 10-20 faiz artması, istehsalın maya dəyərinin yüksəlməsi və ixracatda rəqabət qabiliyyətinin zəifləməsi gözlənilir. Son illərdə Avropada həyat səviyyəsinin 50 faizə qədər bahalaşması, sosial narazılıqların artması və sağçı partiyaların güclənməsi də bunun nəticəsidir. Yaxın illərdə Avropada inflyasiyanın artacağı, sosial etirazların isə daha da genişlənəcəyi ehtimal edilir.
Qlobal iqtisadiyyatda da ciddi dəyişikliklər baş verəcək: enerji bazarında sərt rəqabət, yeni güc mərkəzlərinin formalaşması, dünya iqtisadi xəritəsinin yenidən cızılması mümkündür. ABŞ bu proseslərdən nisbətən daha az zərər görsə də, onun da 37 trilyon dollarlıq dövlət borcu ciddi təhlükə olaraq qalır".
Professor, həmçinin bu məsələrin fonunda Azərbaycanın sözügedən qlobal prosesləri hiss etdiyini, müəyyən iqtisadi çətinliklər yaranmasına rəğmən ölkəmiz üçün yeni imkanların açıldığını qeyd edib:
"Azərbaycan da bu qlobal proseslərin təsirini hiss edir. Ərzaq qiymətlərində artım, istehsal xərclərinin yüksəlməsi və inflyasiya ölkəmizə də təsirsiz ötüşmür. Bununla yanaşı, Azərbaycan üçün yeni imkanlar açılır. Hazırda Avropanın qaz tələbatının 3-4 faizini təmin edən ölkəmiz yaxın illərdə bu rəqəmi 6 faizə qədər artıra bilər. Transxəzər qaz kəmərinin istifadəyə verilməsi və Türkmənistan qazının tranziti sayəsində Avropaya ildə 50-60 milyard kubmetr qaz ixrac etmək real hədəfdir. Bu isə Avropanın ümumi tələbatının təxminən 10 faizinə yaxın deməkdir. Daha uzaq perspektivdə 100 milyard kubmetr hədəfinə də çatmaq mümkündür. Azərbaycanın enerji ixracı ilə yanaşı, tranzit imkanlarının da genişlənməsi ölkəmizi bölgənin əsas enerji mərkəzinə çevirə bilər. Bu həm valyuta gəlirlərinin artmasına, həm də qeyri-neft sektorunun güclənməsinə səbəb olacaq. Aİ-nin 19-cu sanksiya paketində Rusiyanın “kölgə donanması”na qarşı da mübarizə nəzərdə tutulur. Hazırda Rusiyadan neft daşıyan 560 köhnə gəmi müəyyən olunub. Bu addım Rusiyanın valyuta gəlirlərini minimuma endirməyi hədəfləyir. Nəticə etibarilə, hər iki tərəf – həm Avropa, həm də Rusiya bu proseslərdən zərər görür. Azərbaycanın isə düzgün və praqmatik siyasəti fonunda öz mövqeyini möhkəmləndirmək, enerji potensialını maksimum dəyərləndirmək imkanı yaranır. Yeri gəlmişkən, Ağ Ev Avropanın hərbi xərclərinin beş faizə qədər artmasını tələb edir və öz qoşunlarını Avropadan çıxarmaq məsələsini gündəmə gətirir. O, artıq qeyd edib ki, ABŞ-nin indiyə qədər müdafiə etdiyi Avropa dövlətləri hərbi xərclərini 10 faizə qədər də artıra bilərlər. Yəni hərbi xərclərin artması yeni qlobal çağırış olmaqla, həm də müflisləşməni gücləndirir. Davam edən müharibə insanların rifahına, əlbəttə, mənfi təsir edir".
Elmir Heydərli
12:44 22.09.2025
Oxunuş sayı: 3567
