Azərbaycan IMF ilə yeni beynəlxalq statistik standartların tətbiqini müzakirə edib

Azərbaycan Beynəlxalq Valyuta Fondu (IMF) ilə tədiyə balansı üzrə yeni beynəlxalq statistik standartların tətbiqinə hazırlığı müzakirə edib.
Crossmedia.az xəbər verir ki, Maliyyə Nazirliyi bu barədə məlumat yayıb.
Müzakirələr IMF-nin təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində keçirilən "2025-ci il Milli Hesablar Sistemi (SNA) və Tədiyə Balansı üzrə Beynəlxalq Standartların 7-ci nəşri (BPM7)" üzrə yüksək səviyyəli dəyirmi masada Dövlət Xəzinədarlıq Agentliyinin nümayəndə heyətinin iştirakı ilə baş tutub.
Bildirilir ki, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi yeni beynəlxalq statistik standartların tətbiqinə hazırlıq, bu istiqamətdə ölkələrarası əməkdaşlığın gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi olub.
Görüşdə yeni statistik standartların tətbiqi üzrə beynəlxalq təcrübələr, maraqlı tərəflərin prosesə effektiv cəlb olunması, resursların və infrastrukturun planlaşdırılması, eləcə də məlumatların yayım strategiyasının hazırlanması istiqamətində geniş fikir mübadiləsi aparılıb. Müzakirələr ölkələr arasında təcrübə mübadiləsinin dərinləşdirilməsinə, milli statistika sistemlərinin gücləndirilməsinə və beynəlxalq hesabatlılıqda şəffaflığın artırılmasına mühüm töhfə verib.
20:26 27.08.2025
Oxunuş sayı: 725