Vəkillər Kollegiyasının nümayəndəsi qadın vəkillərlə bağlı keçirilən forumda iştirak edib



Özbəkistan Respublikasının Vəkillər Kollegiyası və sözügedən kollegiyanın Qadın Vəkillər Alyansının təşkilatçılığı ilə “Qadın vəkillərin hüquq cəmiyyətində rolu və təsiri” mövzusunda forum təşkil olunub.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən Crossmedia.az-a verilən məlumata görə, hibrid formatda keçirilən tədbirə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova da qoşulub.
Forumun açılışında Özbəkistan Vəkillər Kollegiyasının sədri Şuxrat Sadikov tədbirin məqsədləri və əhəmiyyəti barədə ətraflı məlumat verib. O, qadın vəkillərin cəmiyyətdə rolunun gücləndirilməsinin, onların peşəkar inkişafı və vəkillik sahəsində təşəbbüslərinin dəstəklənməsinin xüsusi önəm daşıdığını vurğulayıb.
Daha sonra çıxış edən Dilarə Əfrasiyabova alyansın yaranma məqsədləri, qadın vəkillərin peşəkar inkişafı və sosial həyatda iştirakının gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, eyni zamanda, beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Həmçinin forum qadın vəkillərin peşə fəaliyyətində rolunun artırılması və beynəlxalq səviyyədə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.
Forumda Özbəkistan Qadın Vəkillər Alyansının yaranmasında Azərbaycan Qadın Vəkillər Alyansının dəstəyi və təcrübə mübadiləsi xüsusi qiymətləndirilərək, minnətdarlıq ifadə edilib.
12:25 27.08.2025
Oxunuş sayı: 862