TEKNOFEST 2025-də “Mavi Vətən” tədbiri üçün ziyarətçi qeydiyyatı başladı

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST, 2025-ci ildə “Mavi Vətən” mövzusu ilə dənizçilik və texnologiya həvəskarlarını İstanbulda bir araya gətirəcək. Tədbir 30-31 avqust tarixlərində İstanbul Tersanesi Komandanlığında keçiriləcək və iştirak tamamilə pulsuzdur.
Crossmedia.az xəbər verir ki, Festival çərçivəsində ziyarətçilər insansız sualtı sistemləri, sualtı raket və insansız dəniz vasitələri yarışlarını izləyə, həmçinin Türk donanmasının önəmli gəmilərini – TCG Anadolu, TCG İstanbul, TCG Burgazada, TCG Oruçreis, TCG Nusret, TCG Sakarya və TCG Hızırreis – yaxından tanıya biləcəklər. Tədbirdə dənizçilik mədəniyyətini əks etdirən yarışmalar, virtual reallıq oyun sahələri, SAT və SAS komandaları tərəfindən xüsusi nümayişlər, “Mavi Vətən Zaman Tuneli” və müxtəlif konfranslar iştirakçılara unudulmaz təcrübə təqdim edəcək.
Ziyarətlər gün ərzində üç seans şəklində keçiriləcək: səhər 09:00–12:00, günorta 12:00–15:00 və axşam 15:00–18:00. Hər ziyarətçi yalnız bir seans üçün iştirak edə bilər. 7 yaşdan kiçik uşaqlar üçün qeydiyyat tələb olunmur. İştirak etmək istəyənlər [onlayn qeydiyyatdan](http://www.teknofest.org) keçərək öz yerlərini təmin edə bilərlər.
TEKNOFEST 2025-in “Mavi Vətən” mövzusu gənclərə Türkiyənin dənizçilik gücünü və bu sahədəki qabaqcıl texnoloji imkanları yaxından tanımaq fürsəti təqdim edir.
12:34 20.08.2025
Oxunuş sayı: 620