İki vəkilə xəbərdarlıq edilib, birinin isə fəaliyyəti müvəqqəti dayandırılıb

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası
məlumat yayıb.
İclasda vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. İxtisas
imtahanlarının yazılı və şifahi mərhələlərini, habelə icbari təlim proqramını
uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil
etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul
edilib.
İclas çərçivəsində bəzi vəkillərin digər vəkil qurumlarına
keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi
və borcların silinməsi, o cümlədən öz arzusu ilə vəkillik fəaliyyətinə xitam
verilməsi ilə bağlı müraciətlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə
baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə
iki vəkilə xəbərdarlıq edilib, bir vəkilə töhmət verilib, bir vəkilə irad
tutulub və bir vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli
məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.
21:21 13.08.2025
Oxunuş sayı: 982