Neftçala Sənaye Məhəlləsində məhsul istehsalı 4 dəfədən çox artıb



İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində hazırda investisiya portfeli 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 5-i fəaliyyət göstərir. Sahibkarlar tərəfindən bugünədək görülən işlərə 50 milyon manata yaxın investisiya yatırılıb, 300 nəfərdən çox daimi iş yeri yaradılıb.
İZİA-dan Crossmedia.az-a bildirilib ki, Neftçala Sənaye Məhəlləsi ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı, həmçinin qeyri-neft sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində mühüm rol oynayır.
Qeyd edilib ki, indiyədək Neftaçala Sənaye Məhəlləsininin rezidentləri tərəfindən 230 milyon manatlıq məhsul satışı həyata keçirilib, bunun da 1,8 milyon manatlıq hissəsi ixracın payına düşür.
"2025-ci ilin I yarısında Sənaye Məhəlləsində 19 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4 dəfədən çoxdur.
Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi dövlət başçısının 2 fevral 2015-ci il tarixli Sərəncamı ilə yaradılıb və 2017-ci ilin 24 sentyabrında fəaliyyətə başlayıb. Sənaye Məhəlləsinin əsas fəaliyyət istiqamətləri balıqçılıq, qida sənayesi, avtomobil, yem istehsalı və s. sahələr üzrə müəyyənləşdirilib.
Neftçala Sənaye Məhəlləsində sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, rezidentlər dövlət vəsaiti hesabına təchiz edilmiş hazır infrastrukturla, həmçinin mövcud tikinti sahələri ilə təmin edilirlər. Bundan başqa sənaye məhəllələrinin rezidentləri İqtisadiyyat Nazirliyindən təşviq sənədi əldə etməklə 7 il müddətinə bir çox vergi və gömrük güzəştlərindən faydalana bilərlər", - məlumatda deyilir.
15:47 13.08.2025
Oxunuş sayı: 488