Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlandı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 12-də davam etdirilib.
Crossmedia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Ardınca təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Berman məhkəməyə müraciət edərək, cinayət işi üzrə ittiham aktının rus dilinə olan tərcüməsində bir sıra ziddiyyətli məqamların olduğu üçün məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə dair vəsatət təqdim edib.
R.Vardanyan vəsatəti müdafiə edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, müdafiə tərəfinin ziddiyyətli hesab etdiyi hallar müvafiq ekspertizanın predmeti deyil. Ona görə də vəsatət təmin olunmamalıdır.
Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.
Sonra məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına gedib.
Müşavirədən sonra müdafiə tərəfinin vəsatətinə dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, vəsatət təmin olunmayıb. Zeynal Ağayev qərarı əsaslandıran zaman bildirib ki, cinayət-prosessual qanunvericiliyə əsasən, ekspertiza cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədilə aparılır. Hazırkı prosesdə müdafiə tərəfi ekspertiza yolu ilə müəyyən edilməli olan konkret halları göstərməyib.
Bundan sonra müdafiəçi A.Berman işə baxan hakimlər kollegiyasına etiraz edib.
Zeynal Ağayev bildirib ki, müdafiə tərəfi dəfələrlə eyniməzmunlu etirazlar təqdim edib, hazırkı etirazda da yeni hal yoxdur. Bu səbəbdən etiraz müzakirəyə çıxarılmayıb.
Məhkəmənin növbəti iclası avqustun 19-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
18:57 12.08.2025
Oxunuş sayı: 766