Ciblər boşalsa da, süfrələr boş qalır: Bahalaşmaya “dur” deyən olacaq?!

Son dövrlərdə gündəlik həyatımızı dərindən sarsıdan bahalaşma dalğası ölkəmizin hər bir vətəndaşının cibinə ağır zərbə vurur. Ərzaq məhsullarından tutmuş, xidmət və nəqliyyat xərclərinə qədər geniş spektrdə qiymətlərin sürətlə artması sosial gərginliyi daha da artırır, ailələrin büdcəsini tükəndirir. İnsanlar məcbur qalaraq, əvvəlki kimi rahat və planlı xərcləmə edə bilmir, hətta gündəlik zəruri ehtiyaclarını qarşılamaqda çətinlik çəkirlər. Bahalaşma həyatın bütün sahələrinə təsir edərək, sosial ədalət məsələlərini aktuallaşdırır və ölkədə iqtisadi vəziyyətin stabilliyinə dair suallar doğurur.
Mövzu ilə bağlı Crossmedia.az saytına danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, inhisarçılıq qiymət artımlarına münbit şərait yaradır: “İşbazlar bir əldə cəmləşdiklərinə görə, bu ərzaq məhsullarının gətirilməsi onların nəzarətində olur. Bunun üçün ayrıca bir mexanizmləri var. Yeri gələndə gömrükdən, vergidən, xüsusi imtiyazlardan istifadə edirlər və rəqabətdə normal iş adamlarına qalib gəlirlər. Beləliklə, o iş adamları sıradan çıxdıqdan sonra ərzaq və digər məhsulları istədikləri qiymətə əhaliyə satırlar. Bir çox hallarda maraqlı məqam ondan ibarətdir ki, eyni ölkədən həm Gürcüstana, həm də Azərbaycana gələn, eyni keyfiyyətli məhsul məsələn Tblisidə Bakıdakından iki dəfə daha ucuz olur. Halbuki baxırsan, bəzi hallarda bu məhsullarda gömrük rüsumları da çox aşağı olur. Deməli, burada açıq-aşkar monopoliya, inhisarçılıq mövcuddur. Təəssüflə qeyd etməliyik ki, Antiinhisar Agentliyi və ya aidiyyəti idarə bu məsələlərlə bağlı lazımi addımlar atmır”.
Onun fikrincə, maaş artımı əslində kompensasiyadır: “Yəni pulun alıcılıq qabiliyyətinin qüvvədə qalması üçün və yaxud aldığı pensiyanın, məvacibin alıcılıq qabiliyyətinin qorunması üçün bu artım həyata keçirilir. Bəzi dövlətlərdə bu, il ərzində dörd, bəzilərində isə iki dəfə edilir. Amma Azərbaycanda bu, ən yaxşı halda ildə bir dəfə olur. Üstəlik, bunu da kompensasiya kimi yox, artım kimi əhaliyə təqdim edirlər. Halbuki inflyasiya, məsələn, 15%-dirsə və maaş da 15% artırılırsa, bu artım deyil, kompensasiyadır. Maaş 20% artırılsa, o zaman yalnız 5%-i artım hesab olunur. Bu isə rifah səviyyəsinin artımı deməkdir. Düşünürəm ki, burada dövlət müəssisələri və aidiyyəti qurumlar iqtisadi əsas olmadan bu cür fəaliyyət göstərən işbazlarla məşğul olmalıdırlar. Əks halda marketlərdə intensiv olaraq fərqli qiymətlərlə rastlaşmağa davam edəcəyik. Kim hansı qiyməti istəyirsə, o qiymətə də satır”.
Siyasətçi düşünür ki, bahalaşmasının bir neçə səbəbi var: “Bu səbəbləri dövlətin aidiyyəti qurumları aradan qaldırmalıdır. Dolayısıyla vətəndaşlarını bu işbazlara, monopolistlərə, inhisarçılara əzdirməməlidir.
Qanunvericiliyimizdə bununla bağlı kifayət qədər əsaslar, maddələr, qanunlar mövcuddur. Sadəcə olaraq, bunu həyata keçirmək üçün siyasi iradə lazımdır. Bir çox hallarda görürük ki, elə ən böyük iş adamları ya dövlət məmurlarıdır, ya deputatlardır, ya da nazirlərdir. Ona görə də onların marağında olmur ki, bu cür işbazlıqla mübarizə aparılsın.”
Mehriban Yariyeva
22:03 06.08.2025
Oxunuş sayı: 1453