Azərbaycan dili – milli ideologiyanın simvolu və strateji inkişaf hədəfi

Azərbaycan
xalqının çoxəsrlik tarixi, zəngin dili və bənzərsiz mədəniyyəti dünya
sivilizasiyasının ayrılmaz parçası kimi çıxış edir. Bu mənada, dil yalnız bir ünsiyyət
vasitəsi deyil, eyni zamanda milli mənsubiyyətin rəmzi, mədəni kollektiv
yaddaşın daşıyıcısı və dövlətçilik ideologiyasının strateji sütunudur. Hər bir
xalqın dili və əlifbası onun tarixi varlığını, mənəvi dirçəlişini və siyasi
iradəsini ifadə edən fundamental dəyərlərdəndir. Məhz bu səbəbdən Azərbaycan
dilinin inkişafı, qorunması və gələcək nəsillərə ötürülməsi müstəqil
dövlətimizin prioritet məqsədləri sırasında yer alır. Bu dil, həm milli
kimliyimizin ifadə vasitəsi, həm də suveren Azərbaycan dövlətinin geosiyasi və
ideoloji dayağı kimi xüsusi əhəmiyyətə malikdir. Azərbaycan dilinin və
əlifbasının keçdiyi mürəkkəb, lakin şərəfli inkişaf yolu məhz bu baxımdan
xüsusi elmi təhlil və konseptual yanaşma tələb edir. 1 Avqust tarixinin
Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması isə yalnız
mədəni bayram deyil, həm də milli şüurun, dövlət ideologiyasının,
azərbaycançılıq fəlsəfəsinin bir təntənəsidir. Azərbaycan dili – türk dilləri
ailəsinə mənsub olan, lakin öz tarixi inkişaf yolu, ədəbi ənənəsi və fonetik
strukturu ilə seçilən bir dildir. Bu dil yalnız ünsiyyət vasitəsi deyil, həm də
xalqın tarixini, təfəkkür tərzini, psixologiyasını, dünyagörüşünü özündə əks
etdirən bir mədəniyyət daşıyıcısıdır. Xalqın dili üzərində yüzilliklər boyu aparılan
ideoloji təzyiqlər, sovet dövründəki ruslaşdırma siyasəti, müxtəlif dövrlərdə
dəyişən əlifba islahatları bu dilin mənəvi sərvət kimi qorunmasının nə qədər
vacib olduğunu bir daha sübut edir. Tarixi baxış bucağından yanaşdıqda,
Azərbaycan əlifbası XX əsrdə üç dəfə köklü dəyişikliklərə məruz qalmışdır:
əvvəl ərəb əlifbasından latın qrafikasına keçid, sonra kiril əlifbasının
tətbiqi və nəhayət, müstəqillik dövründə yenidən latın əlifbasına qayıdış. Bu
dəyişikliklər sırf texniki və ya praktiki səbəblərlə bağlı olmamış, hər biri
siyasi-i¬deoloji motivlər daşıyırdı. Məhz bu kontekstdə Ulu Öndər Heydər
Əliyevin 2001-ci ildə imzaladığı fərmanla 1 Avqustun Azərbaycan əlifbası və
dili günü kimi təsis edilməsi sadə bir tarix seçimi deyil, milli-mənəvi identitetin
təntənəsi idi. Latın qrafikasına keçid yalnız xarici görünüş baxımından bir
dəyişiklik deyildi. Bu addım Azərbaycanın müstəqil dövlət kimi qərblə
inteqrasiyası, türk dünyası ilə dil və mədəniyyət birliyi istiqamətində
strateji seçimi idi. Həmçinin bu dəyişiklik, Sovet dönəmindən miras qalmış
ideoloji yükdən qurtulmağın simvolik və praktik ifadəsi oldu. Çünki kiril
əlifbası Azərbaycan dilinin fonetik xüsusiyyətlərinə uyğun deyildi və ana
dilinin düzgün öyrədilməsində çətinlik yaradırdı. Müstəqillik dövründə dilin
dövlət statusunun Konstitusiyada təsbit olunması, Azərbaycan dilinin tədrisi,
tətbiqi və inkişafı istiqamətində mühüm qanunvericilik aktlarının qəbul
edilməsi onun dövlət idarəçiliyi, təhsil, elm və informasiya məkanında aparıcı
rolunu daha da gücləndirdi. Prezident İlham Əliyevin dil siyasətinə verdiyi
davamlı dəstək bu istiqamətdə mühüm institusional nəticələr doğurmuşdur.
Xüsusilə 2018-ci ildə Azərbaycan dilinin saflığının qorunması, dövlət dilindən
düzgün istifadə ilə bağlı imzalanan sərəncam dil məsələsinə verilən strateji
önəmin təzahürüdür.
Azərbaycan dilinin elmi fonetikası, sintaksisi, lüğət tərkibi və tarixi inkişaf
mərhələləri ciddi şəkildə tədqiq edilmişdir. Dilin qədim türkcə dövründən
başlayaraq, klassik dövrdə Nəsimi, Füzuli, Vaqif kimi şairlərin dili ilə
zənginləşməsi, müasirləşmə mərhələsində Axundov, Zərdabi, Sabir kimi
maarifçilərin xidmətləri bu dilin əbədiyaşarlığını təmin edən mədəni dayaqlar
olmuşdur. XX əsrin 30-cu illərində Azərbaycan dilində yazı və danışıq
normalarının tənzimlənməsi sahəsində aparılan dilçilik araşdırmaları isə müasir
ədəbi dilimizin struktur əsaslarını qoymuşdur. Bütün bu tarixi mərhələlərin
ortaq məqamı budur ki, Azərbaycan dili heç zaman sırf bir rabitə vasitəsi kimi
deyil, ideoloji, siyasi və mənəvi silah kimi fəaliyyət göstərmişdir. Milli
Azadlıq Hərəkatı dövründə xalqın birləşdirici amili kimi məhz ana dili ön plana
çıxmış, meydanlarda səslənən şüarlar, çap olunan qəzetlər, aparılan çıxışlar
milli kimliyin dirçəlişinə çevrilmişdir. Heydər Əliyevin "mən fəxr edirəm
ki, azərbaycanlıyam" ifadəsi ilə tamamlanan dil konsepsiyası, bu dili bir
rəsmi dövlət dili olmaqdan çıxarıb, milli ideologiyanın strateji sütununa
çevirmişdir. Bugünkü dövrdə Azərbaycan dili yalnız ölkə daxilində deyil,
diaspor vasitəsilə xaricdə də yayılır. Dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən Azərbaycan məktəblərində və diaspor təşkilatlarında ana dilində
təhsilin təşkili, həm milli kimliyin saxlanması, həm də ölkəmizin yumşaq güc
siyasətinin reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə
həyata keçirilən mədəni diplomatiya təşəbbüsləri, xüsusilə də Heydər Əliyev
Fondunun dəstəyi ilə icra olunan dil tədrisi proqramları diqqətəlayiqdir.
Media və informasiya
texnologiyalarının inkişaf etdiyi müasir dövrdə Azərbaycan dilinin rəqəmsal
platformalarda tətbiqi və inkişafı yeni vəzifələr müəyyən edir. Elektron
resursların, süni intellekt əsaslı texnologiyaların, dil korpuslarının
yaradılması, mətnlərin avtomatik emalı kimi sahələrdə Azərbaycan dili üzrə
tədqiqatların genişləndirilməsi vacibdir. Bu istiqamətdə artıq AMEA və digər
elmi qurumlar tərəfindən atılan addımlar, söz bazalarının genişləndirilməsi,
dilin süni intellekt mühitinə inteqrasiyası istiqamətində aparılan tədqiqatlar
son dərəcə aktuallaşmışdır. Əlifbanın isə yalnız yazı vasitəsi kimi deyil,
milli kod kimi qəbul edilməsi zəruridir. Hər bir əlifba öz dövrünün ideoloji
daşıyıcısı olduğu qədər, həm də siyasi prioritetləri ifadə edir. Azərbaycan
xalqının yenidən latın əlifbasına qayıdışı, bir tərəfdən türk kimliyinə
bağlılığın göstəricisi, digər tərəfdən isə müasir dünya ilə inteqrasiya
seçiminin təsdiqidir. Bu səbəbdən əlifba və dil məsələsinə yanaşma sırf texniki
və ya pedaqoji deyil, həm də strateji olmalıdır.
Nəticə olaraq demək olar ki,
Azərbaycan dili və əlifbası bu gün ölkəmizin suverenliyinin, milli varlığının,
ideoloji bütövlüyünün əsas simvollarından biridir. Onun inkişafı, qorunması və
gələcək nəsillərə ötürülməsi yalnız dilçilərin deyil, bütün cəmiyyətin
ümummilli vəzifəsidir. 1 Avqust bu mənada təqvimdəki sadə bir tarix deyil –
milli özünüdərk və dövlətçilik şüurunun təcəssümüdür. Azərbaycan dili yaşadıqca
Azərbaycan xalqı və dövləti də yaşayacaq!
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr
müavini
11:37 31.07.2025
Oxunuş sayı: 7144