Azərbaycan və Ermənistan 30 ildən sonra ilk dəfə bunu etdi: Növbəti addım nə olacaq?
Son aylarda Azərbaycanın xarici ticarət statistikasında diqqət çəkən məqam qeydə alınıb. Rəsmi məlumatlara əsasən, mart ayında ölkəyə Niderland Krallığından gətirilən 960 ABŞ dolları dəyərində qızılgüllər statistik uçotda Ermənistandan idxal olunmuş kimi göstərilib. Bu isə gömrük uçotunda tətbiq edilən mənşə ölkəsi qaydası ilə izah edilir. Qaydalara əsasən, malın mənşə ölkəsi tərəfdaş ölkə kimi qeydə alındığından belə hallarda fərqli statistika formalaşa bilir. Eyni zamanda, son dövr hesabatları Azərbaycan-Ermənistan istiqamətində ixrac rəqəmlərinin də qeydə alındığını ortaya qoyur.
Ekspertlər mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib.

Politoloq Oktay Qasımov deyib ki, Azərbaycan və Ermənistan arasında keçən il avqustun 8-də Vaşinqtondakı razılaşmadan sonra münasibətlər sürətlə inkişaf etməkdədir: " Azərbaycan o zamandan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırmaqla bərabər, eyni zamanda yanacaq məhsullarını da Ermənistana ixrac etməyə başlayır. Ümumiyyətlə, tərəflər arasındakı münasibətlərin normallaşması tempinə baxdıqda Ermənistandakı seçkilərin taleyindən asılı olaraq bu münasibətlərə qiymət vermək olar. Əgər hazırda hakimiyyətdə olan baş nazir Nikol Paşinyan parlament seçkilərində qələbə qazanıb, yenidən iqtidarını davam etdirəcəksə, o zaman bölgədə sülhün əldə olunması imkanları artacaq. Ermənistanda konstitusiya dəyişikliyindən sonra sülh müqaviləsinin imzalanması ehtimalı ciddi şəkildə arta bilər. Referendum keçirilərsə və nəticələri müsbət olarsa, sülh müqaviləsi üçün heç bir əngəl qalmaz. Bu da iki ölkə arasında əməkdaşlığın və münasibətlərin inkişafına səbəb olacaq".
O.Qasımov söyləyib ki, hazırkı ticarət əlaqələri Gürcüstan vasitəsilə həyata keçirilir: "Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi bağlanandan sonra, Zəngəzur dəhlizi və digər komunikasiya xətləri açıldıqdan sonra Ermənistan-Azərbaycan arasında birbaşa ticarət əlaqələri aparıla bilər. Bu isə Ermənistandakı seçkilərin nəticələrindən, siyasi qüvvələrin mövqeyindən asılı olacaq".

Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aqil Eyvazovun sözlərinə görə isə üçüncü ölkə vasitəsilə malların idxalı beynəlxalq ticarətdə adi praktikadır və bu, birbaşa iqtisadi əlaqə kimi qiymətləndirilməməlidir: " Belə əməliyyatlar əsasən statistik uçot xüsusiyyətləri ilə bağlıdır və kiçik həcmdə olduqda ölkənin ümumi ticarət balansına ciddi təsir göstərmir".
Fatimə
19:05 17.04.2026
Oxunuş sayı: 142