Makroiqtisadi sabitlik sahəsində həyata keçirilmiş tədbirlər müsbət nəticələr verib - Taleh Kazımov
Azərbaycan Mərkəzi Bankında (AMB) “Azərbaycan
Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın
hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi
qrupun ilk iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə AMB
məlumat yayıb.
Mərkəzi Bankın sədri və alt işçi qrupun rəhbəri
Taleh Kazımov iclasda çıxışı zamanı iqtisadi artımın davamlılığının təmin edilməsi,
xarici və daxili şoklara qarşı iqtisadiyyatın dayanıqlılığının artırılması, həmçinin
sosial rifah və inklüziv inkişafın dəstəklənməsi baxımından makroiqtisadi
dayanıqlılığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sədr Taleh Kazımov “2022–2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”nın makroiqtisadi sabitlik sahəsində həyata
keçirilmiş tədbirlərin müsbət nəticələr verdiyini bildirib. O, inflyasiyanın Mərkəzi
Bankın hədəf diapazonunda idarə olunması, maliyyə sektorunun dərinliyinin
artırılması, maliyyə sektorunun ÜDM-də payının yüksəldilməsi və ümumiyyətlə,
maliyyəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm nailiyyətlərin
əldə olunduğunu qeyd edib.
Sədr çıxışı zamanı 2027-2030-cu illərdə ölkədə
makroiqtisadi dayanıqlılığın daha da gücləndirilməsi məqsədilə makroiqtisadi və
maliyyə sabitliyi üzrə siyasət çərçivələrinin təkmilləşdirilməsinin vacibliyini
vurğulayıb.
Daha sonra tədbirdə “2027–2030-cu illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması çərçivəsində təklif
olunan fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.
Sədr yekunda işçi qrupun üzvlərini bu fəaliyyət
istiqamətləri üzrə koordinasiyalı əməkdaşlığa dəvət edib.
Qeyd edək ki, “Makro-iqtisadi dayanıqlılıq”
üzrə alt işçi qrupu Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 30 may
tarixli 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə
sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18
iyun tarixli, 356s nömrəli Sərəncamına əsasən yaradılıb.
14:04 30.07.2025
Oxunuş sayı: 6300