Cehizin kölgəsində qalan ömürlər

Cəmiyyətimizin əsasən görməzlikdən gəldiyi, lakin ailə quruluşunun özəyini sarsıdan bir çox problemdən biri də cehizlə bağlı yaranan gərginliklərdir. Bu vəziyyət sadəcə maddi məsələlərə deyil, daha dərinə – insan münasibətlərinə, psixoloji sağlamlığa və hətta insan həyatına təsir edən amillərdən birinə çevrilib. Cehizin mahiyyəti ilk baxışda gənc ailəyə dəstək vermək kimi təqdim edilsə də, müasir cəmiyyətdə bu məfhum təmtəraq, status və görüntü yarışına çevrilir, nəticədə isə ciddi fəsadlar doğurur. Bəzən ailə üzvləri, xüsusilə ana və ata bu prosesdə “ayıb olmasın” düşüncəsi ilə yaşayır, qızlarının təmtəraqlı, bəyənilən cehizlə evə göndərilməsini həyat missiyası kimi qəbul edirlər. Bütün bunlar cəmiyyətin gözləntiləri ilə qarşılaşdıqda, “kimin cehizi daha gözəldir”, “filankəsin qızının peçi filan markadır”, “sənin gətirdiyin mebel bu evə yaraşmaz” kimi söz-söhbətlər bütün xoş niyyətləri kölgədə qoyur.
Ağdaşda yaşanan faciə — bir gəncin anasının gəlinin cehizini bəyənməməsinə görə intihar etməsi — bu cəmiyyətin illərdir üstünü örtdüyü, amma hamının içində bildiyi bir yaranı yenidən qanatdı. Əşyaların kiminsə dəyərini müəyyən etdiyi bir toplumda, sevgi, anlayış və hörmət ikinci plana atılır. Cehiz ətrafında fırlanan narazılıqlar isə evliliyin mahiyyətini unutdurub. Evlilik prosesinin başdan-ayağa gərginlik, təzyiq və müqayisə ilə dolu olması artıq norma sayılır. Toyun keçiriləcəyi restoran, maşının markası, peçin rəngi — hamısı o qədər ön plana çəkilir ki, iki gəncin bir-birini seçməsi, bir ömür paylaşmaq istəməsi sanki əhəmiyyətsiz görünür.
Bu düşüncə tərzi o qədər yayğındır ki, onun faciəvi nəticələri artıq bizi təəccübləndirmir. Bu, təkcə 3–5% insanın deyil, cəmiyyətin böyük əksəriyyətinin içində gizlətdiyi düşüncədir. Təəssüflər olsun ki, bəziləri toy hazırlığı deyəndə sevgi yox, borc, prestij və başqasının rəyi haqqında düşünür. Hər şey sanki yarışa çevrilir. Bu yarışda insanlıq uduzur. Gəlinin gətirdiyi əşyalar bəyənilmədikdə, ailədaxili münasibətlər zədələnir və bəzən — ən acı nəticə — bir insanın həyatı sona çatır. Valideynlərin övladlarının həyatına bu qədər müdaxilə etməsi, onların seçimlərini sorğulaması və öz istəklərini önə çəkməsi ailə quruluşunun sağlamlığını pozur. Oğulun həyat yoldaşı yox, anasının “evə yaraşacaq” gəlin seçməsi, ailə içində sevgi və hörmətin yox, “itaət”in və görüntünün əsas götürülməsi bu cür faciələrin köküdür. Bu, sadəcə bir fərdin yox, bir sistemin, bir düşüncə tərzinin faciəsidir.
Cəmiyyətin bu cür hadisələrə reaksiyası da düşündürücüdür. Bir çoxları bu intiharı “zəiflik” kimi qiymətləndirir, “ailədaxili münaqişə” deyə üstündən keçir. Halbuki bu, bir insanın öz evində, öz ailəsində, öz seçimində təcrid olunmasının nəticəsidir. Bu, psixoloji zorakılığın, duyarsızlığın və empati çatışmazlığının nəticəsidir. Bu, cəmiyyətin vicdanını itirdiyinin göstəricisidir.
Vaxtdır ki, cehiz adı altında yığdığımız əşyaları deyil, yıxılmış münasibətləri sorğulayaq. Vaxtdır ki, gələcəyi bəzəmək üçün alınan əşyaların altında əzilən gəncləri xilas edək. Vaxtdır ki, ailə quruluşunda anlayış, hörmət və sevgi birinci şərt olsun — palma ağacının düz olub-olmaması yox.
Nəzrin Salmanova
16:54 26.07.2025
Oxunuş sayı: 1507