Qaxda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib

Qax Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə iyulun 10-da Qax şəhərində “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra “Qərbi Azərbaycan irsi” kitabı haqqında videoçarx nümayiş etdirilib.
Çıxış edən Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev təqdimatı keçirilən kitabın Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox qiymətli mənbə olduğunu bildirib. Qeyd olunub ki, erməni millətçilərinin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, soydaşlarımızın insan hüquqları kütləvi şəkildə pozulub.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşikkənd İcmasının sədri, professor Mahirə Hüseynova çıxış edərək, müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiyalar barədə danışıb, tarixi Azərbaycan torpaqlarının maddi və qeyri-maddi mədəni irsi ilə bağlı araşdırmaların aparılmasının indiki və gələcək nəsillər üçün önəmindən, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” çərçivəsində görülən işlərdən bəhs edib. Bildirilib ki, deportasiyalar nəticəsində soydaşlarımıza məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.
Diqqətə çatdırılıb ki, “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasına aid olan kitabın I cildində Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar yer alıb. Kitabda 1991-ci ilə qədər Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir. Tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, kəşfiyyat peyklərinin təsvirlərindən, müxtəlif ölkələrin kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edilib.
Tədbirdə çıxış edən ADPU-nun elmi-təşkilati şöbəsinin müdiri, professor, Qərbi Azərbaycan İcmasının üzvü İbrahim Bayramov bildirib ki, Qərbi Azərbaycanla bağlı araşdırmaların elmi istiqamətdə aparılması Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasındakı ziyalılarla görüşündə etdiyi proqram xarakterli çıxışından sonra daha sistemli xarakter alıb. Bu görüş Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatlara bir impuls verib. Professor vurğulayıb ki, kitab Qərbi Azərbaycanla bağlı gələcək tədqiqatların aparılmasında istinad ediləcək ilkin və dəyərli mənbələrindən biridir.
Çıxış edənlər ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən, soydaşlarımıza məxsus maddi-mədəni irsin Yer üzündən tamamilə silinməsinə yönəlik vandalizm aktlarından ətraflı bəhs ediblər. Çıxışlarda Qərbi Azərbaycana qayıdışın artıq bir zərurət olduğu, öz ata-baba yurdlarından zorla çıxarılan soydaşlarımızın böyük ümid və əminliklə geri qayıdacaqları günü gözlədikləri xüsusi vurğulanıb.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.
16:20 10.07.2025
Oxunuş sayı: 862