Polşa yarım əsr sonra yenidən kosmosda: Axiom-4 missiyasından gözləntilər

Təxminən 47 ildən sonra Polşa yenidən kosmosa vətəndaşını göndərdi. Slavosz Uznański-Vişnevski Axiom-4 missiyası çərçivəsində keçmiş NASA astronavtı Peqqi Uitson, macar astronavt Tibor Kapu və hindistanlı Şubxanşu Şukla ilə birlikdə Beynəlxalq Kosmik Stansiyaya yola düşüb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Polşa 1978-ci ildə Miroslav Hermaszevski ilə kosmosa vətəndaş göndərən ilk ölkələrdən biri olmuşdu. Lakin siyasi və iqtisadi səbəblərlə bu sahədən uzun müddət uzaq qaldı. Sovet blokuna daxil olması səbəbindən Moskvanın təsdiqi olmadan müstəqil şəkildə kosmosa insan göndərmək mümkün deyildi. Berlin divarının dağılmasından sonra isə ölkənin iqtisadi durumu buna imkan vermədi.
Ekspertlər bildirir ki, hazırda Polşanın öz raket və kosmodromu yoxdur, lakin Avropa Kosmik Agentliyinə üzv olmaq və müxtəlif sahələrdə ixtisaslaşmaqla bu sahəyə töhfə vermək mümkündür. Polşa bu məqsədlə ÜDM-nin 0,014 faizini – təxminən 69 milyon avronu kosmos sahəsinə ayırıb. Axiom-4 missiyasına isə 65 milyon avro sərf olunub.
Polşalı mütəxəssislər hesab edir ki, bu missiyanın uğuru yalnız iqtisadi gəlirlə deyil, həm də təhsil, elm və texnologiyanın inkişafı ilə ölçülə bilər. Uzaya bir vətəndaş göndərmək simvolik addım sayılsa da, davamlı elmi və texnoloji inkişaf üçün sistemli strategiya vacibdir.
Scanway şirkətinin rəhbəri Yedrej Kovalyevski qeyd edir ki, xüsusilə Yer müşahidəsi və telekommunikasiya kimi sahələrdə böyük imkanlar var. Onun fikrincə, hökumət, biznes və elm birlikdə işləməli, ölkənin texnoloji ehtiyacları müəyyənləşdirilməli və bu istiqamətdə ardıcıl fəaliyyət göstərilməlidir.
Fatimə Nəbiyeva
10:23 01.07.2025
Oxunuş sayı: 727