Süni intellekt xəbərləri kopyalayır

ABŞ-də istifadəyə verilən Google-un “Süni intellekt icmalı” adlı yeni funksiyası xəbər saytlarından toplanmış məlumatları istifadəçilərə birbaşa təqdim edir. Bu sistem axtarış nəticələrinin yuxarısında qısa və cavabyönümlü xülasələr göstərir, lakin orijinal xəbər saytlarına keçid vermədiyi üçün ciddi narahatlıq yaradır.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Mütəxəssislər bildirirlər ki, bu yenilik xəbər saytları üçün həm internet trafiki, həm də reklam gəlirləri baxımından təhlükəlidir. Süni intellekt əsaslı platformalar artıq onlayn axtarışlarda böyük paya sahibdir. Məsələn, ChatGPT kimi sistemlərin bazar payı 80 faiz, Google-un süni intellektlə işləyən axtarış sisteminin payı isə 5–6 faiz civarındadır.
Türkiyədə isə bu vəziyyətə qarşı hüquqi tədbirlər görülür. Türkiyə Böyük Millət Məclisində(TBMM) “Rəqəmsal Müəllif Hüququ Qanunu” üzərində iş aparılır. Qanun layihəsi Avropa, Kanada və Avstraliya nümunələrinə əsaslanaraq süni intellektin xəbər mənbələrindən istifadə etdikdə onlara müəllif hüququ ödənişi etməsini nəzərdə tutur. Google-un bu təşəbbüsə müsbət yanaşdığı bildirilir.
Hazırda Avropa İttifaqında 300-dən çox xəbər platforması bu sistemlə müəllif hüququ ödənişləri alır. Türkiyə də oxşar bir modeli tətbiq etməyə hazırlaşır.
Bu yenilik həm etik, həm iqtisadi, həm də hüquqi baxımdan xəbər istehsalçıları ilə süni intellekt texnologiyaları arasında yeni balansın formalaşmasını zəruri edir.
Nigar Rəhimova
04:50 22.06.2025
Oxunuş sayı: 592