Teslanın gözlənilən robot taksisi ictimaiyyətə təqdim oluna bilər

Tesla şirkətinin uzun zamandır üzərində işlədiyi robot taksi – Cybercab bu həftəsonu ictimaiyyətə təqdim oluna bilər. Şirkətin baş direktoru İlon Mask bu təqdimatın 22 iyun tarixində Texas ştatının Ostin şəhərində baş tutacağını bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, İlon Mask sosial media platforması X üzərindən verdiyi açıqlamada bu tarixdə dəyişiklik ola biləcəyini də qeyd edib. O, bunun səbəbini şirkətin “təhlükəsizlik məsələsində son dərəcə ehtiyatlı” olması ilə izah edib. Bəzi X istifadəçiləri isə bu həftəsonu baş tutacağı gözlənilən tədbirə dəvət aldıqlarını və Cybercab-i ilk sınaqdan keçirənlər arasında olacaqlarını bildirib. Qeyd edək ki, Teslanın robot taksisi ayın əvvəlində Ostin yaxınlığında görüntülənmişdi.
Robot taksinin təqdimatının baş tutub-tutmadığını dəqiqləşdirmək üçün Tesla ilə əlaqə saxlanmağa çalışıb, cavab alınmayıb. Buna baxmayaraq, təqdimat Texasdan olan bir qrup Demokrat konqres üzvünün “ictimai etimadın təmin olunması üçün” şirkətdən təqdimatı təxirə salmağı tələb etməsinə rəğmən baş tuta bilər.
Avtomatik idarə olunan nəqliyyat vasitələri üçün infrastruktur hazırlayan Rocsys şirkətinin rəhbəri Krayn Bouman verdiyi açıqlamada bu təqdimatın mühüm olduğunu deyib. O bildirib ki, bu addım “robot taksilərin real olduğunu göstərəcək”. Bouman əlavə edib ki, “Teslanın tam hazır olduğunu söyləmək çətindir, lakin hamı həyəcanlıdır və hamı bu hadisəni izləyəcək”. Onun fikrincə, bu mərhələdən sonra ictimaiyyət tam avtonom idarəetmənin işlədiyinə inana bilər.
Təqdimatın uğurlu olması üçün Bouman hesab edir ki, Tesla yalnız avtomobili deyil, onun ətrafındakı bütün infrastrukturu da hazır vəziyyətə gətirməlidir. O qeyd edib ki, bu, minlərlə avtomobili təmizləyəcək və enerji ilə təmin edəcək xidmət mərkəzləri, habelə daimi texniki xidmətlər sisteminin yaradılmasını tələb edir.
Bouman, həmçinin əvvəllər avtonom nəqliyyat sahəsində əsas söz sahibi olan Teslanın bu gün ABŞ-da robot taksi bazarını genişləndirən ilk şirkət olan Waymo ilə rəqabət apardığını xatırladıb. Onun sözlərinə görə, Waymo artıq 5 dəqiqə ərzində müştərinin çağırışına cavab verə bilən təmiz və təhlükəsiz robot taksi xidməti göstərir. “Əgər bütün əməliyyat sistemi bu layihəyə daxil edilməzsə, Tesla Waymo-ya yaxın belə olmayacaq”, – deyə o bildirib.
İctimai etimad məsələsi qalmaqdadır
Cybercab-in mümkün təqdimatı Tesla üçün çətin dönəmə təsadüf edir. Belə ki, son 6 ayda şirkətin səhmləri dəyər itirib. Bundan əlavə, Tesla-nın “Tam Avtonom Sürüş” (FSD) sisteminin bir piyadanın həyatını itirdiyi qəza da daxil olmaqla, bir sıra insidentlərlə əlaqələndirilməsi nəticəsində ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi şirkətə qarşı araşdırma başladıb.
Bouman deyir ki, Tesla ictimaiyyət qarşısında daha şəffaf olmadığı təqdirdə bu təqdimat ictimai rəyin dəyişməsinə səbəb olmayacaq. Ekspertin sözlərinə görə, “xidmətin geniş miqyasda işlədiyini nümayiş etdirmək lazımdır”. O əlavə edib ki, adətən robot taksi ictimai etimadı qazanmaq üçün insan sürücüdən 10 dəfə daha təhlükəsiz olmalıdır.
“Tesla bunu yalnız üçüncü tərəflər tərəfindən aparılacaq məlumat analizləri ilə sübut etməlidir” – deyə Bouman qeyd edib.
Fatimə Nəbiyeva
10:00 21.06.2025
Oxunuş sayı: 710