Daha tez pensiyaya çıxan vətəndaşların ödənişləri bu şəkildə olacaq - VACİB AÇIQLAMA

Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa edilən son dəyişiklik Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Müvafiq dəyişikliyə əsasən, daha tez pensiyaya çıxan vətəndaşların pensiyaları güzəşt müddətində dövlət büdcəsi hesabına maliyyələşdiriləcək. Yəni, bu şəxslərin pensiya təminatı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəsaitləri hesabına deyil, birbaşa dövlət büdcəsi tərəfindən ödəniləcək.
Mövzu ilə bağlı iqtisadçı ekspert, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva Crossmedia.az-a açıqlama verib.
R. Abdullayeva bildirib ki, qanuna edilən dəyişiklik sosial ədaləti və rifahı artırmaq üçün müsbət və humanist islahatdır: “Bu dəyişiklik, güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial müdafiəsini gücləndirəcək, onların rifahına müsbət təsir göstərəcək. Bu gözlənilən idi. 2006-cı ildən ölkədə fərdi uçota əsaslanan sığorta pensiya sistemi fəaliyyət göstərir. Bu sistemdə pensiyalar əsasən DSMF-də yığılan sosial sığorta haqları hesabına ödənilir. Lakin güzəştli şərtlərlə pensiyaya çıxmaq hallarında DSMF-nin maliyyə dayanıqlığında problemlər yarana bilər. Bu dəyişiklik dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına, qanunvericilik aktlarının unifikasiyasına xidmət edir. Güzəştli pensiyaların DSMF yerinə büdcədən maliyyələşdirilməsi xərclərini artırır. Təbii ki, bu əlavə xərclər büdcə vəsaitlərinin səmərəli idarə olunması, dövlətin sosial xərclərinin balanslaşdırılması zərurətini yaradır. Dəyişiklik DSMF-nin maliyyə yükünü isə azlaltmaqla Fondun maliyyə dayanıqlığının artırılmasına xidmət edir. Uzunmüddətli dövr üçün DSMF-nin maliyyə dayanıqlığının artırılmasından ötrü Fonddakı vəsaitlərin səmərəli idarə edilməsi zəruridir”.
Nəzrin Salmanova
17:10 19.06.2025
Oxunuş sayı: 1367