Qurban insanlar arasında sosial həmrəylik ruhunu gücləndirir — AÇIQLAMA

İslam aləmində ən müqəddəs bayramlardan biri Qurban bayramıdır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Nazirlər Kabinetinin qərarına əsasən bu il iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutununun İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev ilk olaraq bildirib ki, qurban xüsusilə müsəlmanlar arasında Allaha yaxınlaşmaq və onun əmrini yerinə yetirmək məqsədilə kəsilir:
“Qurban mərasimi yalnız şəriətin müəyyən etdiyi heyvanın kəsilməsi ilə yerinə yetirilir. Günəşə, Aya və digər müxtəlif tanrılara sitayiş edən qədim dövr qəbilə və tayfalar arasında qurban kəsmənin fərqli məzmun və üsulları mövcuddur. Qurbankəsməkdə onların məqsədi Allahın qəzəbindən qorunmaq və ondan kömək istəməkdir. Beləliklə, məlum olur ki, qurbankəsmə dini-ictimai mərasim və davranışdır. Bu ənənə qədim zamanlardan müxtəlif tayfalar və mədəniyyətlər arasında fərqli formalarda mövcud olub. Qurbankəsmə praktikasının müxtəlifliyinə və fərqliliyinə baxmayaraq, bəlkə də bütün üsulların ortaq cəhəti əməlin müqəddəsliyi və fövqəladəliyidir. Beləliklə, məlum olur ki, qurbankəsmə dini-ictimai mərasim və davranışdır. Bu ənənə qədim zamanlardan müxtəlif tayfalar və mədəniyyətlər arasında fərqli formalarda mövcud olub. Qurbankəsmə praktikasının müxtəlifliyinə və fərqliliyinə baxmayaraq, bəlkə də bütün üsulların ortaq cəhəti əməlin müqəddəsliyi və fövqəladəliyidir. Bu dini ritual əksər mədəniyyətlərdə və cəmiyyətlərdə müxtəlif formalarda mövcud olub. Antik Yunanıstanda qurbankəsmə kəffarə, təmizlənmə, ruhun rahatlığı və tanrıların mərhəmətini axtarmaq rəmzi idi. Həmçinin, qədim Misirdə də qurbankəsmə mərasimi geniş yayılmışdı. İslamda da Qurban bayramı günlərində qurban kəsilir. Qurban kəsməkdə məqsəd Allaha yaxınlaşmaqdır. Bununla bərabər, onun bir çox ictimai, iqtisadi, mənəvi faydaları da mövcuddur. Qurban insanlar arasında sosial həmrəylik ruhunu gücləndirir. Heyvanların qurban kəsilməsi bir çox cəmiyyətlərdə mühüm ictimai hadisədir”.
İ.Quliyev vurğulayıb ki, bu, ictimai vəhdət və həmrəyliyi gücləndirmək üçün bir fürsətdir:
“Ailələr, dostlar və qonşular bir araya gəlir. Bu fəaliyyət təkcə dini hərəkət deyil, həm də sosial əlaqələri və həmrəyliyi gücləndirmək üçün bir fürsətdir. Bu günlərdə insanlar bir araya gəlib qarşılıqlı köməklik göstərir. Belə ki, qurban kəsilməsi və paylanması prosesində iştirak etmək cəmiyyətdə ictimai əlaqələri və həmrəyliyi artırır. Qurban həm də insanlar arasında fədakarlıq ruhunun gücləndirilməsinə səbəb olur. Bir çox mədəniyyətdə heyvanın qurban verilməsi fədakarlıq simvoludur. Qurban kəsən şəxs ehtiyacı olanlara ət verməklə fədakarlıq ruhunu gücləndirir və başqalarına kömək edir. Bu akt insanlara öz resurslarından başqalarına kömək etmək üçün istifadə etməli olduqlarını xatırladır və bu, cəmiyyətdə ictimai və mənəvi məsuliyyət hissini gücləndirir. Qurban bayramı bəndəlik bayramıdır; insanın iman güzgüsündə Allaha xalis təslimiyyət göstərdiyi günün bayramıdır. Bu gün bizə təkcə Həzrət İbrahim və oğlu Həzrət İsmayılın fədakarlığını deyil, həm də ilahi əmr qarşısında ruhun, bağlılığın və nəfsin fədakarlığını xatırladır. Cəmiyyətimizdə Qurban bayramını təbrik etmək üçün nəcib, mənəvi mesajlarla qohum-əqrəba, dost-tanış ziyarətlərinə getməliyik. Yaxınlıq, bəndəlik və təşəkküranə sözlərlə şəhid və qazi ailələrini ziyarət etməyimiz lazımdır. Elə etməliyik ki, bu bayramın həqiqətini onların ürəkləri hiss etsin”.
Nəzrin Salmanova
12:08 07.06.2025
Oxunuş sayı: 841