Orta Dəhliz risklərin diversifikasiyasına imkan verir

Orta Dəhliz – Şərqlə Qərbi birləşdirən yeni nəqliyyat marşrutu olaraq geosiyasi və iqtisadi baxımdan getdikcə daha çox əhəmiyyət qazanır. Rusiya üzərindən keçən ənənəvi ticarət yollarında yaranan problemlər alternativ marşrutlara olan marağı artırıb. Məhz bu şəraitdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) həm yükdaşımaların sürətini, həm də region ölkələrinin tranzit potensialını yüksəltmək imkanına malikdir. Bu layihə yalnız nəqliyyat sahəsində deyil, həm də gömrük, logistika və enerji əməkdaşlığı üçün yeni platforma yaradır. İtaliyanın Baş naziri Ciorcia Meloni Orta Dəhliz layihəsini “ən perspektivli və iddialı layihə” adlandırıb. O, bu fikrini Astana Beynəlxalq Forumunun ikinci gününün plenar iclasında çıxışı zamanı səsləndirib.
İqtisadçı Günay Hüseynova mövzu ilə bağlı fikirlərini Crossmedia.az-a bölüşüb. G.Hüseynovanın sözlərinə görə, Orta Dəhlizin reallaşması həm Avropa, həm də əks istiqamətdə tədarük zəncirlərinin təhlükəsizliyi və sabitliyi baxımından vacibdir. Layihə təkcə region ölkələri üçün deyil, ümumilikdə Avrasiya məkanında yeni nəqliyyat və ticarət imkanları yaradır.
İqtisadçı bildirib ki, bu region tarixən Qərblə Şərq arasında əlaqə rolunu oynayıb və hazırda bu əlaqənin daha dayanıqlı və müasir formada qurulması Orta Dəhliz vasitəsilə mümkündür. “Orta Dəhliz layihəsi iqtisadi baxımdan həm gəlirli, həm də stratejik hesab olunur" – deyə o bildirib.
Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir. G.Hüseynovanın fikrincə, layihə çərçivəsində nəzərdə tutulan iqtisadi-ticarət münasibətləri bir çox ölkələrin maraq dairəsindədir.
İqtisadçı vurğulayıb ki, xüsusilə Çin-Avropa ticarət əlaqələrində bu dəhlizin rolu böyükdür. Bu, həm resursların Avropadan Trans-Xəzər vasitəsilə daşınması, həm də Şərqdən Qərbə ticarət əlaqələrinin inkişafı baxımından mühümdür. Hazırda bu istiqamətdə əməkdaşlıq edən region ölkələri ilə birgə innovativ inteqrasiyalar, gömrük rüsumlarının sadələşdirilməsi və infrastrukturun modernləşdirilməsi istiqamətində addımlar atılması gözlənilir.
Günay Hüseynova əlavə edib ki, Avropa ilə Çin arasında artıq əməkdaşlıq olsa da, bu əməkdaşlıq daha çox Rusiyadan keçən tranzit yolu ilə həyata keçirilirdi. Lakin siyasi vəziyyət və prosedurların vaxt alması müəyyən çətinliklər yaradırdı. “Orta Dəhliz risklərin diversifikasiyasına imkan verir” – deyə iqtisadçı əlavə edib.
İqtisadçıya görə, bu dəhliz alternativ marşrut olaraq nəqliyyat və ticarətdə təhlükəsizliyi artırır, yükdaşımalarda çeviklik təmin edir və strateji əhəmiyyət daşıyır. Yaxın zamanda bu istiqamətdə mühüm dəyişikliklərin və inkişafların baş verəcəyi gözlənilir.
Fatimə Nəbiyeva
18:26 31.05.2025
Oxunuş sayı: 7245