Gənclər niyə ailə həyatı qurmaqdan qaçır? - Ekspertlər danışdı

Son illər ölkədə evlilik yaşı artır. Gənclərin əksəriyyəti ailə həyatı qurmağa isti yanaşmırlar. Bu, hər iki cins arasında müşahidə olunur. Gənclərin bu mövqeyi birmənalı qarşılanmamaqla yanaşı, həm də sosial problemlərə səbəb olur.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Lalə Mehralı söyləyib ki, gənclər evlilikdən yox, onun yaratdığı maddi, sosial və iqtisadi çətinliklərdən qorxurlar:
“Əslində gənclər evliliyin özündən deyil, onun gətirdiyi maddi, sosial və iqtisadi problemlərdən qorxurlar. Çünki müşahidə edirlər ki, ətraflarında ailə quran insanlar bu çətinliklərin öhdəsindən gəlməkdə çox zaman çətinlik çəkir, dəstəksiz yaşayır, minimum maaşla ailə dolandırmağa çalışırlar. Bir çoxu bu problemlərin öhdəsindən gələ bilmir və nəticədə boşanma halları artır. Boşanmaların əsas səbəbləri arasında həm maddi-iqtisadi, həm də mənəvi amillər yer alır. Gənclər xoşbəxt evliliklərin sayının az olduğunu gördükdə, bu onlarda nigaha girməkdən çəkinməyə səbəb olur. Onlar düşünürlər ki, əgər bir il sonra boşanacaqlarsa, heç evlənməmək daha yaxşıdır. Ümumiyyətlə, gənclərin evlilik və nigah məsələlərinə dair ciddi qayğıları var. Bu qayğıların başında isə evsizlik problemi gəlir və bu, ən çətin həll olunan məsələlərdən biridir. Bugünkü şəraitdə bölgələrdə yaşayan gənclər işsizlik, paytaxtda yaşayanlar isə mənzil problemi səbəbilə evliliyə yanaşmaqdan çəkinirlər. Bölgələrdə ciddi işsizlik problemi olduğu üçün oradakı gənclər gec evlənməyə meyllidirlər. Paytaxtdakı gənclərin əksəriyyəti isə kirayə mənzildə yaşamağın çətinliyini bildikləri üçün evlilikdən könüllü şəkildə imtina edirlər”.
O bildirib ki, gəncləri nigaha və ailə qurmağa təşviq etmək üçün dövlət bu istiqamətdə müəyyən təkliflərlə çıxış etməli, ailə qurmaq, nəsil artırmaq üçün təşviqedici proqramlar hazırlanmalıdır: “Hər il neçə uşaq doğulur, neçə uşaq abort edilir, nə qədər ailə boşanır — bu statistik məlumatlar analiz edildikdə görünür ki, bu gedişlə nikahların sayı daha da azalacaq, boşanma halları isə artacaq. Nəticədə isə ailə institutu unudula və sosial bir qurum olaraq zəifləyə bilər. Belə bir vəziyyətdə insanlar daha çox vətəndaş nikahına üstünlük verəcək, çünki bu formada birlikdə yaşayan tərəflərin bir-birinə qarşı hüquqi və mənəvi öhdəlikləri olmur. Bu isə cəmiyyətdə məsuliyyətsiz fərdlərin sayının artmasına səbəb ola bilər. Vətəndaş nikahına üstünlük artdıqca, hüquqi və mənəvi öhdəliklər azalır, bu da cəmiyyətdə məsuliyyətsizliyin yayılmasına səbəb ola bilər”.
Psixoloq Aynur İgəndərova isə qeyd edib ki, qızlarla oğlanların qarşılıqlı gözləntiləri uyğun gəlmədiyi üçün ailə qurmaq çətinləşir: “Birinci yaş həddi nəzərə alınarsa, gənclərin yaş həddi də artıb. Əgər əvvəlki qanuna əsasən 16-29 yaş arası şəxslər gənc hesab olunurdusa, indi bu hədd 45 yaşa qədər uzadılıb. “Gənclər niyə ailə həyatı qurmur?” sualının isə bir çox cavabı var.
Əvvəlcə qeyd etmək lazımdır ki, qızların və oğlanların qarşı tərəfdən gözləntiləri fərqlidir. Müasir dövrdə bu gözləntilər elə bir səviyyədədir ki, nə oğlanların gözləntilərini qızlar, nə də qızların gözləntilərini oğlanlar qəbul edə bilir. Hətta artıq ailə həyatı qurmuş gənclər də subaylara “Evlənməsən daha yaxşıdır”, “Subaylıq sultanlıqdır” kimi ifadələr işlədirlər. Çünki öz ailə həyatlarında yaşadıqları iqtisadi və psixoloji problemlər onlarda bezginlik yaradır və bu hal başqalarına da təsir edir. İndi qızlar deyirlər ki, qarşı tərəf öz ayağı üstündə dura bilsin, işi, evi, maşını, yaxşı gəliri olsun və bu kimi kriteriyalara cavab verən oğlanların sayı çox azdır. Azərbaycanda bu imkanlara malik olan oğlanlar adətən 30-35 yaşdan sonra bu imkanlara sahib olurlar. Bu isə ailə həyatını vaxtında qurmağa mane olur”.
Müsahibimizin fikrincə, oğlanların da qızlardan gözləntiləri var və bu yalnız xarici görünüşlə məhdudlaşmır: “Psixoloji baxımdan yanaşdıqda, deyilir ki, qızlar qulaqları ilə sevir, oğlanlar gözləri ilə. Bu ifadə müəyyən müddət üçün doğrudur, lakin bir-birini tanıdıqdan sonra xarakter və şəxsi xüsusiyyətlər daha önəmli rol oynamağa başlayır. Əvvəlki dövrlərdə qızlar “ailə həyatı qurum, ana olum, övladım olsun” düşüncəsi ilə yaşayırdılar. İndi isə daha çox karyera qurmaq, yaxşı işdə işləmək, yüksək maaş almaq və hətta öz evinə sahib olmaq istəyirlər. Əvvəllər analar qızlarına “böyüyərsən, ailə həyatı qurarsan, ana olarsan” kimi tərbiyə verirdilər. Ancaq bu gün qadınlar görürlər ki, anaları ailə qurub bütün həyatlarını övladlarına həsr ediblər, amma lazımi dəyəri görməyiblər. Bu səbəbdən analar artıq qızlarına “oxu, təhsil al, karyera sahibi ol, heç kimə möhtac olma” kimi tövsiyələr verirlər. Müasir dövrün gəncləri də ilk növbədə bunu istəyirlər. Oğlan və qızların bir-birindən olan gözləntiləri, dövrün sosial-iqtisadi reallıqları onların ailə həyatı qurmasını gecikdirir”.
O düşünür ki, gənclər artıq ailə həyatı qurmaqdan qorxurlar: “Ailənin milli mənada böyük məsuliyyət olduğunu dərk etdiklərinə görə bu məsuliyyətdən çəkinirlər. Mənə elə gəlir ki, əvvəlki nəsillərlə müqayisədə müasir gənclər özlərini daha çox sevirlər. Ailənin qayğılarını və məsuliyyətlərini üzərinə götürmək istəmirlər. Qızlar düşünürlər ki, ailə qurduqdan sonra artıq sərbəst ola bilməyəcəklər, istədikləri kimi geyinə, hərəkət edə bilməyəcəklər. Oğlanlar isə “ailə daha çox vaxt tələb edəcək, şəxsi istirahətim və məşğuliyyətlərimə vaxt ayıra bilməyəcəyəm” deyə düşünürlər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, gənclərin ailə həyatı qurmaqdan çəkinmələrinin əsas səbəbi məsuliyyətdən qaçmaqdır. Gənclərin ailədən qaçma səbəbi əsasən məsuliyyətdən yayınmaqdır”.
Nigar Rəhimova
18:40 24.05.2025
Oxunuş sayı: 3381