Yevlax Pilot Aqroparkın rezidenti Dağıstanda zeytun bağı salacaq

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İsfa” MMC ilə Dağıstanın İxraca Dəstək Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Crossmedia.az İZİA-ya istinadən xəbər verir ki, memorandumu “İsfa” MMC-nin direktoru Samir Xeyirbəyov və Dağıstanın İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abasquliyev imzalayıblar.
Sənədə əsasən birinci mərhələdə “İsfa” MMC tərəfindən Dağıstanın Dərbənd rayonunda cari ilin payızında 100 hektarlıq ərazidə zeytun bağı salınacaq. Zeytun bağının salınmasında Yevlax Pilot Aqroparkda yetişdirilən ümumilikdə 165 min ədəd tingdən istifadə olunacaq. Həmçinin sözügedən bağın suvarma sisteminin qurulması da “İsfa” MMC tərəfindən həyata keçiriləcək.
İkinci mərhələdə isə günlük istehsal gücü 100 ton olacaq zeytun yağı emalı zavodunun qurulması nəzərdə tutulur. Sözügedən sənədin ümumi dəyəri 7 milyon manata yaxındır.
18:31 21.05.2025
Oxunuş sayı: 641