Azərbaycan Qazaxıstanla yeni Konvensiya layihəsi üzrə danışıqlara başlayıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Qazaxıstanın Milli Gəlirlər Komitəsi gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiya layihəsi üzrə danışıqlara başlayıb.
Crossmedia.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, görüşdə qurumun Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev, Qazaxıstanın Maliyyə Nazirliyinin Vergi və Gömrük qanunvericiliyi departamentinin direktor müavini Ablayxan Bağıbəyov və Dövlət Gəlirləri Komitəsinin Qeyri-rezidentlərin vergiyə cəlb olunması idarəsinin rəis müavini Kımbat İbraeva iştirak edirlər.
1996-cı ilin sentyabr ayında Azərbaycan və Qazaxıstan gəlir və əmlak vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalayıb. Bu müqavilə 1998-ci il yanvarın 1-dən qüvvəyə minib.
2017-ci ilin aprel ayında tərəflər bu müqaviləyə əlavə olaraq, ondan əmlakla bağlı bəndləri çıxarmaqla protokol imzalayıblar. Bu protokol 2019-cu il yanvarın 1-dən qüvvəyə minib.
10:12 30.04.2025
Oxunuş sayı: 992