Android cihazlar 3 gün istifadəsiz qaldıqda avtomatik yenidən başlayacaq

Google, Google Play Xidmətlərinin 25.14 nömrəli yeni versiyasını yayımlamağa başlayıb. Bu yeniləmə vasitəsilə Android əməliyyat sisteminin əsas təhlükəsizlik funksiyalarından biri olan avtomatik yenidən başlatma xüsusiyyəti istifadəyə verilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, yeni xüsusiyyətə əsasən, Android telefon və planşetlər əgər ardıcıl üç gün ərzində istifadə olunmadan, yəni kilidi açılmadan qalarsa, avtomatik olaraq yenidən başlayacaq. Bu təhlükəsizlik tədbiri cihazın "İlk Kilid Açılmadan Əvvəl" vəziyyətinə keçməsini təmin edir. Bu vəziyyətdə cihazdakı məlumatlar daha güclü şəkildə şifrələnir və üçüncü şəxslər üçün əlçatmaz hala gəlir.
Qeyd edək ki, bu funksiya yalnız Android telefon və planşetlərdə aktiv olacaq, Wear OS cihazlarına şamil olunmur. Apple bu funksiyanı keçən il iOS 18.1 yeniləməsi ilə "Inactivity Reboot" adı altında təqdim etmişdi. Google-un da bu cür təhlükəsizlik tədbiri tətbiq etməsi müsbət qarşılanır.
Zeynəb Yunuszadə
20:00 16.04.2025
Oxunuş sayı: 1378