“Apple” qatlanan “iPhone” üçün geri sayımı başlatdı – kritik inkişaf

Son illərdə ağıllı telefon bazarında yeni bir dövr başlayıb və qatlanan modellər sürətlə populyarlıq qazanıb. İstifadəçilərə həm böyük ekran təcrübəsi, həm də kompakt dizayn üstünlüyü təqdim edən bu cihazlar getdikcə daha geniş yayılır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, “Samsung”, “Huawei”, “Xiaomi” və “Oppo” kimi bir çox texnologiya nəhəngi bu trenda uyğunlaşaraq qatlanan telefonlarını bazara çıxarıb. Lakin “Apple” hələlik bu sahədə konkret bir addım atmayıb. Bununla belə, son aylarda yayılan iddialara görə, şirkət bu istiqamətdə iş aparır. Bu mövzuda yeni bir şayiə irəli sürülüb.
Sektor mənbələrinə görə, “Apple”, qatlanan “iPhone” üçün kritik mərhələyə yaxınlaşır. Belə ki, şirkətin ekran tədarükçüsünü müəyyənləşdirmə prosesinə daxil olduğu və bir neçə istehsalçının “Apple”-a seçimlər təqdim edəcəyi bildirilir. Texnologiya nəhəngi təklif olunan alternativləri dəyərləndirərək ən uyğun ekran istehsalçısını seçməyə hazırlaşır.
“Apple”-ın seçim prosesində əsasən ekranın dayanıqlığına və qatlanma zamanı yarana biləcək izlərin qarşısının alınmasına diqqət yetirdiyi bildirilir. Bundan əlavə, ekranın qalınlığı, ölçüsü və əyilmə radiusu kimi amillər də şirkətin qiymətləndirmə meyarları arasında yer alır.
Sektor mənbələrinin məlumatına görə, “Apple”, qatlanan “iPhone” üçün ekran tədarükçüsünü fevral və aprel ayları arasında müəyyənləşdirməyi planlaşdırır. Bundan əlavə, şirkətin tək bir model üzərində işləmədiyi, bir neçə qatlanan cihaz hazırladığı da iddia olunur. Bu çərçivədə “Apple”-ın “Samsung”-un “Flip” və “Fold” seriyalarına bənzər dizaynlar üzərində düşündüyü və müxtəlif forma faktorlarını qiymətləndirdiyi bildirilir.
Cənubi Koreya mərkəzli “Samsung”-un qatlanan ağıllı telefon bazarında lider olduğu məlumdur. Texnologiya bazar araşdırma şirkətlərinin hesabatları da bunu təsdiqləyir. Buna əsasən, “Apple”-ın bu bazara gecikdiyini demək yanlış olmaz. ABŞ-lı texnologiya nəhənginin ilk qatlanan “iPhone” modelini 2025–2027-ci illər arasında bazara çıxarması gözlənilir.
Nərgiz Camalzadə
11:00 06.02.2025
Oxunuş sayı: 3236