Ekspert: "İpoteka fondu şəffaf deyil!"

İpoteka və Kredit Zəmanət Fondu müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.
Ayrılan yeni limitlər ipoteka kreditlərinin əlçatanlığını necə dəyişəcək? Güzəşli ipoteka krediti kimlərə veriləcək?
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Crossmedia.az saytına açıqlama verib:
"Rəqəmsallaşma nə qədər inkişaf edirsə vətəndaşların işləri də bir o qədər asanlaşır. Limitlər hər bir bankın aktivinə, onun kapitalına uyğun verilir. İpoteka fondunun bu il nə qədər pul verəcəyi keçən ildən bəlli idi. Həmin pul sadəcə banklar arasında bölüşdürülür və hamıya verilməyəcək. Kimin gəliri daha çox xərci daha azdırsa onlara verilir. Çünki onların krediti ödəmə qabiliyyəti daha yaxşıdı".
Ə. Həsənov fondun qeyri-şəffaf olmasından danışıb:
"Problem fondun verdiyi kreditlərin qeyri-şəffaf olmasıdır. Hansı meyarlar əsasında verilib verilmədiyini tam bilmirik. Fond öz saytında bu barədə məlumat yerləşdirməlidir. Biz bilməliyik kim rahatlıqla ala bilir, kim yox. İpoteka fondundan götürülən kreditlərin bəzən təyinatı üzrə istifadə olunmadığı haqda da ciddi şübhələr var. Məsələn hansısa sahibkara pul lazımdırsa, bir neçə nəfərin adına kredit götürür və adına pul götürülən şəxslər həmin evə köçmürlər. Fond fəaliyyəti şəffaf deyil. Fondlar nəyi gizlədir? Kimdən gizlədir? Biz niyə bilməməliyik güzəştli ipoteka kimə daha rahat verilir kimə yox?"
Ayhan Ağarzayev
22:15 04.02.2025
Oxunuş sayı: 6736