İlon Maskdan yenilik: Starlink smartfonlara birbaşa peyk əlaqəsi təqdim edəcək

İlon Maskın "SpaceX" şirkəti Starlink peyklərinin smartfonlara birbaşa qoşulması texnologiyasını işə salmağa hazırlaşır. Direct To Cell texnologiyası smartfonların mobil rabitə qüllələrinə ehtiyac olmadan, peyklər vasitəsilə birbaşa əlaqə qurmasına imkan verəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, dekabrda SpaceX beta-testdə iştirak etmək istəyənlər üçün qeydiyyat açıb.
Belə ki, ilkin mərhələdə xidmət yalnız T-Mobile operatorunun abunəçiləri üçün əlçatan olacaq. Əvvəl yalnız mətn mesajları göndərmək mümkün olacaq, səsli rabitə isə sonradan əlavə ediləcək. SpaceX bildirib ki, DTC xidməti müasir smartfonlarda əlavə avadanlıq olmadan işləyəcək.
Məlumata görə, xidməti təmin etmək üçün orbitdə yerləşən 300 Starlink peyki istifadə olunacaq. Beta-test müddətində mütəxəssislər rabitə sisteminin effektivliyini qiymətləndirəcək və uğurlu nəticə əldə olunarsa, xidmət daha geniş auditoriya və regionlar üçün əlçatan olacaq.
Qeyd edək ki, yanvarın sonunda Çində Shanghai Spacecom Satellite Technology (SSST) şirkəti 18 Qianfan peykindən ibarət qrup buraxıb. Bu sistemin SpaceX-in Starlink şəbəkəsinə bənzədiyi bildirilir.
Fatimə Məmmədova
18:40 24.01.2025
Oxunuş sayı: 7290