Pensiyalar yüksəldi, amma... – Pensiyaçını nə gözləyir?
Azərbaycanda aylıq pensiyaların orta məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manata çatıb. Orta pensiyanın ortaaylıq əməkhaqqına nisbəti isə 50,6 faiz təşkil edib. Pensiyalardakı artım əhalinin sosial rifahı baxımından mühüm göstəricilərdən biri hesab olunur. Lakin nominal artımın pensiyaçıların real həyat səviyyəsinə necə təsir etdiyi də diqqət çəkən məsələlərdəndir. Xüsusilə ərzaq, kommunal xidmətlər, dərman və digər gündəlik xərclərin qiymətlərinin dəyişməsi fonunda orta pensiyanın alıcılıq qabiliyyəti müzakirə mövzusudur. Digər tərəfdən, pensiyaların orta əməkhaqqına nisbətinin 50,6 faizə çatması sosial təminat baxımından müəyyən göstərici ortaya qoyur. Bəs pensiyaların orta məbləğinin 10,5 faiz artımına hansı amillər təsir edib? 594,4 manatlıq orta pensiya hazırkı qiymətlər fonunda pensiyaçıların əsas ehtiyaclarını qarşılamaq üçün nə dərəcədə yetərlidir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir bildirib ki, pensiyaların orta məbləğinin ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artmasını ilk növbədə pensiyaların indeksləşdirilməsi, əməkhaqqı və sosial sığorta göstəricilərindəki artımlar, eləcə də yeni təyin olunan pensiyaların strukturunda daha yüksək məbləğli pensiyaların payının artması ilə əlaqələndirmək olar. Azərbaycanda pensiyaların formalaşmasında əvvəlki dövrlərdə ödənilmiş sosial sığorta haqları və fərdi pensiya kapitalı mühüm rol oynayır. Bu baxımdan əməkhaqlarının və sosial sığorta bazasının genişlənməsi zamanla pensiyaların orta məbləğinə də təsir göstərir.
Professor qeyd edib ki, orta pensiyanın orta aylıq nominal əməkhaqqının 50,6 faizini təşkil etməsi əmək gəlirlərinin müəyyən hissəsinin pensiya gəliri ilə əvəzlənməsi baxımından mühüm göstəricidir: "Beynəlxalq Əmək Təşkilatının 102 saylı Konvensiyasında sığortaolunan üçün yaşa görə pensiyanın əvvəlki qazancın ən azı 40 faizini əvəz etməsi nəzərdə tutulur. Bu, minimum sosial təminat standartıdır. Azərbaycanda orta pensiyanın orta aylıq əməkhaqqına nisbətinin 50,6 faiz olması bu həddən yüksəkdir. Lakin pensiyanın real adekvatlığını qiymətləndirmək üçün onun inflyasiyaya, yaşayış xərclərinə nisbəti də nəzərə alınmalıdır. Əsas məsələ pensiyanın real alıcılıq qabiliyyətinin qorunması və xüsusilə həssas qrupların minimum yaşayış və səhiyyə ehtiyaclarının təmin edilməsidir.
Ekspertin fikrincə, orta pensiyanın 10,5 faiz artımını birbaşa rifahın yüksəlməsi göstəricisi kimi qiymətləndirmək düzgün olmaz: "Əsas məsələ bu artımın inflyasiya və əhalinin gündəlik xərclərinin dinamikası ilə müqayisədə pensiyaçıların real alıcılıq qabiliyyətinə nə dərəcədə təsir etməsidir. Əgər nominal pensiya artımı qiymətlərin yüksəlməsini üstələyirsə, pensiyaçının real alıcılıq qabiliyyəti artır. Əks halda isə nominal artım pensiyaçının real gəlirində əhəmiyyətli yaxşılaşma yaratmaya bilər.

R.Sabir bildirib ki, 594,4 manatlıq orta pensiyanın pensiyaçının əsas ehtiyaclarını ödəmə səviyyəsinə gəldikdə, burada bütün pensiyaçılar üçün vahid qiymətləndirmə vermək çətindir. Çünki yaşayış xərcləri şəxsin yaşadığı ərazi, mənzil təminatı, kommunal ödənişləri, ailə vəziyyəti və xüsusilə səhiyyə və dərman xərclərindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Orta pensiya müəyyən əsas xərclərin ödənilməsinə imkan versə də, xüsusilə tək yaşayan, kirayədə qalan və mütəmadi olaraq dərman preparatlarına ehtiyacı olan pensiyaçılar üçün bu məbləğ yetərli olmaya bilər.
Professor vurğulayıb ki, pensiyaların artması müsbət tendensiyadır, lakin bu artımın sosial müdafiə baxımından effektivliyi yalnız faiz göstəricisi ilə deyil, pensiyaçının real həyat səviyyəsinə və alıcılıq qabiliyyətinə təsiri ilə ölçülməlidir.
Zeynəb Həsən
20:30 28.08.2026
Oxunuş sayı: 63