Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib
Azərbaycan və Özbəkistanın mərkəzi bankları arasında maliyyə texnologiyalarının inkişafı müzakirə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata əsasən, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Özbəkistan Respublikasına işgüzar səfər çərçivəsində Özbəkistan Mərkəzi Bankının sədrinin birinci müavini Nodirbek Saydullayev ilə görüşüb.
Görüş çərçivəsində innovativ maliyyə ekosisteminin formalaşdırılması və maliyyə texnologiyalarının inkişafı üzrə mövcud yanaşmalar və gələcək perspektivlər, eləcə də bu sahədə ixtisaslaşmış təşkilatlar üçün maliyyələşmə mənbələrinə əlçatanlığın atırılması kimi aktual məsələlər müzakirə olunub.
Görüşdə həmçinin institusional əməkdaşlıq imkanlarının dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Azərbaycan və Özbəkistan arasında maliyyə sektorunda əlaqələrin genişləndirilməsi biznes və bank strukturları səviyyəsində də davam edir. Özbəkistanın "Hamkorbank"ının məhsullar üzrə marketinq meneceri Əzizə Normurodova "Silk Road Finance & Technology" Forumunda Trend-in xüsusi müxbirinə bildirib ki, iki ölkənin maliyyə sektorlarının nümayəndələri beynəlxalq platformalar vasitəsilə təcrübə mübadiləsi aparır və əməkdaşlığın gələcək istiqamətlərini müzakirə edirlər.
“Hazırda Özbəkistan Avrasiyanın digər ölkələri, məsələn, Azərbaycan kimi bank sektorunu getdikcə daha çox inkişaf etdirir. Belə platformalarda görüşmək və maliyyə sektorunun inkişafı üçün hansı çağırışların və imkanların mövcud olduğunu müzakirə etmək çox vacibdir”, - deyə Normurodova bildirib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndələrinin Özbəkistanın maliyyə sektoru ilə bağlı tədbirlərdə iştirakı aktual məsələlərin müzakirəsi və peşəkar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.
“Fəaliyyətlərin qarşılıqlı əlaqəsi maliyyə sektorunun nümayəndələrinə praktiki təcrübə mübadiləsi aparmağa və əməkdaşlığın gələcək istiqamətlərini müzakirə etməyə imkan verir”, - deyə o qeyd edib.
Normurodova maliyyə sektorunun ölkələrin iqtisadi inkişafında mühüm rol oynadığını vurğulayıb.
“Maliyyə sektoru iqtisadi inkişafın müəyyən göstəricisidir. Avrasiya ölkələri arasında ikitərəfli əlaqələrin qurulması vacibdir ki, hara doğru irəliləməli olduğumuzu və ikitərəfli münasibətləri necə inkişaf etdirə biləcəyimizi anlayaq”, - deyə o bildirib.
O həmçinin Mərkəzi Asiya və Avrasiya ölkələrinin nümayəndələrini bir araya gətirən beynəlxalq tədbirlərin yeni peşəkar və işgüzar əlaqələrin qurulması baxımından əhəmiyyətini qeyd edib.
“Ölkələr bir platformada bir araya gəldikdə və təcrübələrini açıq şəkildə bölüşdükdə, bu, yeni peşəkar və işgüzar əlaqələr üçün əsas yaradır. Nəticədə, belə əlaqələr ölkələr arasında maliyyə əməkdaşlığının daha da inkişafına töhfə verir”, - deyə Normurodova əlavə edib.
13:42 28.08.2026
Oxunuş sayı: 48