Kommunal xərcləriniz daha da artacaq
Kommunal xərclər ailələrin aylıq büdcəsində mühüm yer tutan əsas ödənişlər sırasında qalır. Xüsusilə gəliri aşağı və orta səviyyədə olan ailələr üçün bu xərclərin ümumi gəlirdəki payı daha çox hiss olunur. Mənzilin sahəsi, ailə üzvlərinin sayı və istehlak səviyyəsi kommunal ödənişlərin məbləğinə birbaşa təsir göstərən əsas amillərdəndir. Mövsümi dəyişikliklər də ailələrin kommunal büdcəsinə təsirsiz ötüşmür. Qış aylarında qaz və elektrik enerjisinə, yay aylarında isə xüsusilə kondisionerlərin istifadəsi səbəbindən elektrik enerjisinə tələbat artır. Nəticədə bəzi ailələr üçün ilin müəyyən dövrlərində kommunal ödənişlərin ümumi büdcədəki yükü əhəmiyyətli dərəcədə yüksəlir.
İqtisadçı Akif Nəsirli Crossmedia.az-a açıqlamasında bildirib ki, kommunal xərclərin ailə büdcəsinə təsiri gəlir səviyyəsi, mənzilin sahəsi, ailə üzvlərinin sayı və istehlak həcmindən asılı olaraq dəyişir:
“Orta statistik ailə üçün kommunal ödənişlər aylıq büdcədə əhəmiyyətli xərc maddəsidir. Xüsusilə gəliri aşağı və orta olan ailələrdə bu xərclərin ümumi gəlirə nisbəti daha yüksək olur. Mövsümdən asılı olaraq, xüsusən qış aylarında kommunal xərclərin yükü daha da artır.

Ailələrin kommunal xərclərində ən böyük pay, adətən, elektrik enerjisi və təbii qaz ödənişlərinin üzərinə düşür. Bunun ardınca su və kanalizasiya, məişət tullantılarının daşınması və digər kommunal xidmətlər gəlir. İstehlakın həcmi burada əsas amildir. Qış aylarında qaz və elektrik enerjisinə, yay aylarında isə elektrik enerjisinə, xüsusilə kondisionerlərin istifadəsinə görə ödənişlər artır. Buna görə də kommunal xərclərin ailə büdcəsindəki payını yalnız tariflərlə deyil, həm də istehlak səviyyəsi və mövsümi faktorlarla qiymətləndirmək lazımdır”.
Zeynəb Həsən
13:00 28.08.2026
Oxunuş sayı: 49