Qlobal ərzaq böhranı gəlir
2027-ci ildə qlobal ərzaq bazarında qiymətlərə təsir göstərə biləcək bir sıra risklər gündəmdədir. Geosiyasi gərginliklər və mümkün konfliktlərin eskalasiyası nəqliyyat və logistika sahəsində mövcud problemləri daha da dərinləşdirə bilər. Enerji qiymətlərinin yüksək olaraq qalması isə həm logistika xərclərini, həm də gübrə istehsalının maya dəyərini artıra bilər. Bununla yanaşı, iqlim dəyişiklikləri, quraqlıq və təbii fəlakətlər kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlavə risklər yaradır. Qlobal əhalinin artması və şəhərləşmə ərzağa tələbatı artıran əsas amillər sırasında qalır. Bütün bu proseslər fonunda təklifin kəskin azalması gözlənilməsə də, istehsal və daşınma xərclərinin artması ərzaq qiymətlərinə əlavə təzyiq göstərə bilər.
İqtisadçı ekspert Rəşad Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, 2027-ci ildə qlobal ərzaq bazarının formalaşmasına bir sıra amillər təsir edəcək: “Aydındır ki, 2027-ci ildə qlobal ərzaq bazarında konyunktur bir sıra faktorların təsiri ilə formalaşacaq. Bunlara indiki mövcud geosiyasi vəziyyətdən çıxış etsək, nəqliyyat-logistika xidmətləri sahəsində mövcud problemlərin davam etməsi və hətta müəyyən istiqamətlərdə konfliktlərin eskalasiyasından qaynaqlanan daha da dərinləşmiş nəqliyyat və logistika problemləri daxildir. Bunun yaratdığı əlavə xərc yükü, eyni zamanda bahalı enerji qiymətlərinin formalaşdırdığı əlavə xərc yükü də mühüm amillərdir. Enerji qiymətlərinin və logistika xərclərinin artması gübrənin maya dəyərində də kəskin artıma səbəb ola bilər. Gübrə istehsalında enerji əsas xammal rolunu oynayır. O baxımdan burada təzyiq daha yüksək olacaq. İqlim riskləri də öz-özlüyündə təzyiqini davam etdirəcək. Bu kontekstdə 2027-ci ilin ərzaq bazarının formalaşmasını müşahidə edəcəyik. Təsirlərin dərinliyini indiki halda proqnozlaşdırmaq o qədər də asan deyil. İstənilən halda proqnozlaşdırılan məqam ondan ibarətdir ki, bütün bu faktorların biri və ya bir neçəsinin birləşməsi öz-özlüyündə qiymətlərə artırıcı təzyiq edəcək”.

İqtisadçı qeyd edib ki, hazırkı baza proqnozlarına görə, əsas məhsul növləri üzrə qlobal bazarda təklifin kəskin azalması gözlənilmir: “Hazırda baza proqnozları onu deməyə əsas verir ki, əsas məhsul növləri üzrə bazarda təklifin kəskin azalması proqnozlaşdırılmır. Tələb, təbii ki, qlobal ərzaq bazarında artacaq. Burada əsas təyinedici amillər şəhərləşmə, dünya əhalisinin artması və eyni zamanda aşağı və orta gəlirli ölkələr qrupunda əhalinin gəlirlərinin dəyişməsi kimi amillər fonunda tələbin artmasıdır. Amma buna paralel olaraq böyük iqlim riskləri, quraqlıq və təbii fəlakətlər ortaya çıxmasa, təklifdə ciddi təzyiqlər gözlənilmir. Təklifdə hətta artım ehtimalları mövcuddur. Təbii ki, bu, müxtəlif məhsul növləri üzrə müxtəlif formada xarakterizə olunur. Təklif baxımından əsasən bitkiçilik istiqamətində, o cümlədən dənli bitkilər, bitki yağları, şəkər qamışı və digər sahələrdə müəyyən iqlim faktorlarının təsiri ilə daha yüksək risklərin olduğunu demək mümkündür. Hazırda gözlənilən risklər sırasına bunlar daxildir”.
Rəşad Həsənovun sözlərinə görə, 2027-ci ildə təklifin artmasına baxmayaraq, istehsal və logistika xərclərinin yüksəlməsi səbəbindən ərzaq qiymətlərində artım gözlənilir: “Ümumiləşdirsək, hazırkı vəziyyətdə çox böyük ehtimalla 2027-ci ildə təklifin artmasına baxmayaraq, biz qiymətlərin də artmasını müşahidə edəcəyik. Qiymət artımını şərtləndirən amil tələb artımı və təklif qıtlığından deyil, daha çox istehsal xərclərinin və eyni zamanda məhsulun son istehlakçıya çatdırılması xərclərinin artmasından qaynaqlanacaq. Enerji qiymətlərinin bahalaşması və gübrə xərclərinin artması burada təyinedici rol oynayacaq”.
İqtisadçı ekspert dünya bazarında ərzaq qiymətlərinin 5-7 faiz arasında bahalaşa biləcəyini və bunun Azərbaycandakı qiymətlərə də təsir göstərəcəyini bildirib: “Qiymətlər çox böyük ehtimalla dünya bazarında 5-7 faiz arasında bahalaşacaq. Bu da öz-özlüyündə Azərbaycan üçün müəyyən çağırışlar formalaşdırır. Bəzi kənd təsərrüfatı və qida məhsulları Azərbaycana idxal olunur. Xüsusilə yeyinti sənayesi məhsullarının qiymət artımı Azərbaycanda da idxal olunan məhsulların bahalaşmasına təsir göstərəcək”.
Zeynəb Həsən
18:00 18.08.2026
Oxunuş sayı: 79