Araşdırma

1884-cü il Berlin konfransından sonra Belçika Konqosunun (indiki Konqo Demokratik Respublikası) 2344 kvadrat kilometr ərazisi Belçika kralı II Henriyə təhvil verildi. Beləliklə də ərazi bütünlüklə Leopoldun şəxsi mülkünə çevrildi. Leopoldun bölgədə xüsusilə  kauçuk ticarəti üçün xammal istismarı isə bir çox insanın həyatı bahasına başa gəlirdi. Qətran toplama kvotalarına əməl etməməyin cəzası ölüm idi. Bunun üçün formalaşdırılmış xüsusi cəza dəstələri kimisə güllələyib öldürdüklərində sübut olaraq qurbanın əlini göstərməli idilər, əks halda onların güllələrdən əyləncə məqsədi ilə ov etmək üçün istifadə etdikləri güman edilirdi. Nəticədə qətran kvotaları kəsilmiş əllərlə qismən ödənilirdi. Bu isə tez-tez cəza dəstələri ilə kəndlilər arasında qanlı toqquşmalara səbəb olurdu.

Aşağı rütbəli bir zabit kvotaya etiraz edən kəndi cəzalandırmaq üçün edilən hücumu belə təsvir edirdi: “Şirkətdən məsul olan ağdərili zabit kişilərin başını kəsməyimizi əmr etdi. Tapşırdı ki, onları kəndi əhatə edən hasarlardan asaq. Qadın və uşaqlar da çarmıxa çəkilmiş kimi bu hasarlardan asılacaqdılar”.

Danimarkalı bir missioner ilk dəfə bir Konqolunun öldürülməsinə şahid olduqdan sonra bunları yazırdı: “Əsgər dedi ki, qətran gətirməsək bizi öldürəcəklər. Müvəkkil bizə kifayət qədər (kəsilmiş) əl gətirəcəyimiz halda səlahiyyət müddətimizi qısaltmayacağına söz verdi”.

Beləliklə avropalı məmurların qarşısında kəsilmiş əllərlə dolu səbətlər Azad Konqo Dövlətinin simvoluna çevrilməkdə idi. Əllərin toplanması özlüyündə sanki bir məqsəd halını alırdı. Əsgərlər qətran əvəzinə kəsilmiş əllər gətirir, hətta bəzən qətran yox, əl yığmağa çıxırdılar...

Kəsilmiş əl bir növ pul vahidinə çevrilmişdi. Adam Hochschild “Kral Leopoldun xəyalı” kitabında ölkənin Kral Leopoldun və Belçika hökumətinin nəzarəti altında olduğu dövrdə 10 milyondan çox Konqo vətəndaşının həyatını itirdiyini təxmin edir. Hətta bir çox araşdırmaçıların iddiasına görə, Belçika Holokostunda, nasist Holokostundan daha çox insan öldürülüb. Lakin onların heç biri kitablarda özünə yer tapmayıb və bu insanlığa qarşı cinayətdən hələ də çox az adam məlumatlıdır. Halbuki Konqoda minlərlə belçikalı xidmət edirdi və orada baş verən cinayətlər Belçika xalqına məlum idi, necə ki Hitlerin cinayətləri adi almanlar üçün bilinən həqiqətlər idi.

Avropanın müstəmləkəçi dövlətlərinin çox təmiz tarixə malik olduğunu söyləmək çətindir, lakin onların arasında ən “kirli” tarixə malik olanlardan biri, şübhəsiz ki, Belçikadır. Birinci Dünya Müharibəsi zamanı İngiltərə tərəfindən qorunduğu deyilən  “Cəsur Kiçik Belçika”da indi Fransanın Erməni Soyqırımını tanımasından danışılır. Lakin Belçika hələ də öz cinayətlərini etiraf etməkdən imtina edir.

1908-ci ildə artan beynəlxalq təzyiq ilə Kral Leopold öz torpaqlarını Belçikada qurulan yeni  hökumətə təhvil verməli oldu. Belçika hökuməti 1959-cu ildə müstəqillik əldə edənə qədər Konqo üzərində nəzarətdən əl çəkmədi. Ölənlərin sayı azaldı, lakin şikəstlik və istismar davam etməkdə idi. Belçikalılar ölkəni tərk edərkən onu elə bir vəziyyətdə qoydular ki, müstəqillik elan edildikdən sonra da vətəndaş müharibəsi və daxili hərbi-siyasi qarşıdurmalar səbəbindən milyonlarla insan həyatını itirdi. Lumumbanın öldürülməsindən və təxminən 100 min insanın ölümündən sonra Mobutu hökumətinin hakimiyyətə gəlməsi ölkə üçün tam bir fəlakət oldu. 1996-1998 və 1998-2003-cü illər arasında I Konqo Müharibəsinin ardından II Konqo müharibəsi başladı. Bu müharibənin müasir Afrika tarixində ən qanlı müharibə olduğu düşünülür. Ümumilikdə 5,4 milyon insan həyatını itirdi. Çoxu da aclıq və xəstəliklərin qurbanı oldu. Bu dəhşətli rəqəm həmin müharibəni İkinci Dünya Müharibəsindən sonra dünyanın ən qanlı qarşıdurması edir. Lakin Qərbdə bu barədə susmağa üstünlük verirlər... 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il