Araşdırma

Ənənəvi tarixşünaslıqda Babəkin sadə xalq kütlələrinin mənafelərinin müdafiəçisi olmuş bir üsyançı kimi göstərilməsi sovet tarix konsepsiyasının tələblərindən irəli gələn bir baxış idi və bu gün müstəqil Azərbaycanda tarix elminin inkişaf yoluna qədəm qoyması bir çox digər məsələlər kimi, bu problemə də yeni baxış sərgiləməyin zəruri olduğunu ortaya qoyur. Əlbəttə, nə cür təqdim olunmasından asılı olmayaraq, Babək Azərbaycan tarixinin ən şanlı səhifələrinə öz ismini qızıl hərflərlə yazmış bir tarixi şəxsiyyət və xalq qəhrəmanıdır. Lakin hər bir tarixi şəxsiyyətə obyektiv qiymət vermək, onun həyat və fəaliyyətini, mübarizə amallarını hər hansı ictimai quruluşun tələbləri çərçivəsində yox, məhz tarixi həqiqətlərin bərpası düşüncəsi ilə obyektiv tədqiq etmək lazımdır. 
Babəkin həyat və mücadiləsinin bir dövlət başçısı şəklində indiyədək araşdırılmaması müxtəlif səbəblərlə izah oluna bilər. Bu yöndə ayrı-ayrı araşdırmaçıların fikir və təklifləri olsa da, Azərbaycan tarixinin IX yüzillik dövründə mövcud olmuş dövlət qurumlarımızın adları sırasında Xürrəmilər dövlətinin ismi keçmir. Ən başlıca səbəb, əlbəttə ki, Babək barədə sovet tarixşünaslığının xüsusi konsepsiyasının olmasıdır. Babəkə sinfi qəhrəman donu geydirməyə çalışan bu konsepsiya, əlbəttə ki, Azərbaycanın müstəqil milli dövlətçilik tarixinə hansısa Xürrəmilər dövləti kimi bir faktoru əlavə etməyə imkan verə bilməzdi. Bu baxımdan Xürrəmilər hərəkatının nəticə etibarilə heç bir dövlətdən asılı olmayan müstəqil bir dövlətin qurulmasına gətirib çıxarması və Babəkin də 22 il ərzində bu dövlətin ilk hökmdarı olması fərziyyəsinə diqqətdən kənarda qalmış bir sıra obyektiv tarixi faktların gözü ilə baxmaqda, düşünürəm ki, böyük fayda vardır.
Babəkin bir dövlət başçısı olması faktını ortaya qoyarkən hər şeydən əvvəl erkən orta əsrlərdə tarix səhnəsində olmuş hər hansı bir tarixi dövlətin mövcudluğunu təsdiqləyən ən başlıca amilləri nəzərdən keçirməyə və bunların Babək dövrü Azərbaycanında nə dərəcədə əks olunduğunu təhlil etməyə ehtiyac var. Hər hansı bir tarixi dövlətin müəyyən ərazilərdə qurulduğunu əsasən aşağıdakı amillər təsdiq edə bilər:
* xalqın yekdil iradəsini ifadə edən kütləvi xalq üsyanı, işğalçı qüvvəyə qarşı milli-azadlıq hərəkatı dalğasının və ya kütləvi etirazın təşkilini həyata keçirən qüvvənin varlığı;
* konkret ərazilər üzərində üsyan yaxud hərəkat rəhbərliyinin davamlı nəzarəti;
* konkret idarəetmə orqanının fəaliyyətinin mövcudluğu;
* dövlətçilik atributlarının (bayraq, taxt-tac, möhür, pul sikkəsi və s. atributların) mövcudluğu;
* nəzarət edilən ərazilərin başkəndinin olması;
* nəzarət edilən ərazilərin qorunması missiyasını daşıyan ordunun varlığı;
* tarixi mənbələrdə həmin ərazilərdə dövlət qurumunun və onu idarə edən hökmdarın varlığını söyləməyə əsas verən məlumatların mövcudluğu;
* sözügedən əraziləri idarə edən şəxsin digər xarici dövlətlərin hökmdarları ilə əlaqələr qurması;
* idarə edən şəxsin idarəetmə sahəsindəki əməli fəaliyyətinin mövcudluğu.
Bunları sadaladıqdan sonra Babək dövrü Azərbaycanında adları çəkilən amillərin mütləq əksəriyyətinin var olduğunu çəkinmədən qeyd edə bilərik. Ərəb imperializminə qarşı Azərbaycan xalqının başlatdığı və Hürrəmilik tərəfdarları tərəfindən yönləndirilən xalq-azadlıq hərəkatının öndəri olmuş Babəkin Bəzz adlı paytaxt şəhəri, ordusu, sərkərdələrdən və qoşun bölüklərinin başçılarından ibarət Hərbi Şura adlı idarəetmə orqanı, Al rəngli bayrağı, uzun müddət (22 il 5 ay) ərzində nəzarət etdiyi konkret ərazilər vardı. Bundan əlavə, Babək ayrı-ayrı vilayət və şəhərlərə valilər təyin edir, dövlətin təməlinə zidd yönümlü üsyan və qiyamları yatırdır, Bizans imperiyası ilə, eləcə də Abbasilər xilafətinin baş sərkərdəsi Afşin Hidr ibn Kavusla və Təbəristan valisi Məzyarla rəsmi şəkildə məktublaşırdı.
Aydın məsələdir ki, Babəkin tarixdə hökmdar kimi təqdim olunması sovet hakim konsepsiyasından çox-çox öncə onu səviyyəsiz və quldur birisi kimi göstərməyə çalışmış Abbasilər sarayının maraqlarına zidd idi. Bu baxımdan xilafət sarayının tarixçiləri öz əsərlərində Babəki daha çox bir qiyamçı kimi göstərməklə onun mücadiləsinin bizim üçün əhəmiyyətini kiçiltməyə çalışırlar, bununla yanaşı, bir çox əsərlərdə Babəkin əsl-nəsəbi, hansı nəsildən olması barədə geniş müzakirələr açıb fikirlər söyləyirlər. “Adi bir qiyamçının”, yaxud “üsyan başçısının” əsil-nəcabətinin bu qədər geninə-boluna təhlil edilməsi əlbəttə ki, anlaşılmaz və şübhə yaradandır.
Qədim tarixi mənbələrdə müəyyən ərazidə konkret dövlət qurumunun və onu idarə edən hökmdarın varlığını söyləməyə əsas verən məlumatların mövcudluğu məsələsinə gəlincə, bu haqda mənbələrdə kifayət qədər məlumatlar vardır ki, bu günədək diqqətdən kənarda qalmışdır. Bu məlumatları bölüşməyə o səbəbdən ehtiyac vardır ki, ənənəvi tarixşünaslıq IX yüzilliyin ilk yarısında Azərbaycan ərazilərini sadəcə müvəqqəti olaraq Abbasilərin nəzarətindən kənarda qalmış və heç bir idarəetmə mexanizminə malik olmayan torpaqlar kimi göstərməyə çalışmışdır. Buna görə də mənbələrdə diqqəti cəlb edən bir sıra mühüm məlumatları bir daha incələmək lazım gəlir. 
Bizə görə, Babəkin hökmdar olduğunu söyləməyə əsas verən daha önəmli mənbə məlumatları onun özünün dilindən söylənən fikirlərin əks olunduğu məlumatlardır. Bizlər üçün Abbasi saray tarixçilərinin yaxud onların məlumatlarını qeydsiz-şərtsiz obyektiv qəbul edərək onlara istinad etmiş digər tarix yazarlarının fikirlərindən daha çox Babək Xürrəminin özünü hansı məqamda görməsi mühüm əhəmiyyət kəsb edir. Çünki Abbasilər yox, məhz Babək Xürrəmi bizim tarixi qəhrəmanımız və dahi şəxsiyyətimizdir. Mənbələrdə bununla bağlı bir sıra maraqlı məlumatlara rast gəlinir. 
Təbərinin «Tərix ər-rüsul və-l-müluk» adlı əsərində Babəkin Bəzz qalasını tərk edib Araz vadisindəki meşəlikdə olduğu zaman oğlundan gələn məktuba verdiyi cavabda bu cümlələrə yer verilib: ”Bəlkə də mən bu gündən sonra çox yaşamadım, amma mən hökmdar adını daşıyıram və mən harda olsam, yaxud mənim barəmdə harada nə danışsalar - yenə də mən hökmdar olaraq qalıram.”  Z.Bünyadovda Babəkin bu məktubundakı «hökmdar» kəlməsi «padşah» və «şah» olaraq qeyd olunub. 
Sözügedən məktubda diqqəti cəlb edən daha bir məqam Babəkin özünü konkret bir sülalənin banisi olaraq görməsi və oğlunun varislik hüququndan danışmasıdır: ”Sən mənim yolumla getsəydin və öz sülalənin varisi olsaydın, onda varislik sənə keçə bilərdi, onda bir neçə gün qabaq sən həqiqətən mənim oğlum sayılırdın”. Eyni sülalə məsələsi və Babəkdən sonra onun varisinin kim olması ilə əlaqədar Təbərinin adıkeçən əsərində daha bir yerdə maraqlı məlumata rast gəlinir. Səhl Sumbatla etdiyi söhbətdə Babək bununla bağlı öz narahatlığını dilə gətirir və məlum olur ki, Babəkin oğul övladlarının bir çoxu idarəetmədə naşı, digərləri də azyaşlı olduqları üçün Babək Bəzz qalasının süqutundan sonra qardaşı Abdullanı öz yerinə varis təyin etmək fikrində idi və məhz bu səbəbdən onu qorumaq məqsədilə Abdullanı Beyləqan hakimi Əbu Musa Yesainin (İstifanusun) yanına göndərir. Mənbədə bu haqda məlumat aşağıdakı şəkildə verilmişdir: «- Yaxşı olmaz ki, mən və qardaşım bir yerdə qalaq, çünki birisi bizlərdən birinin izinə düşərsə, o birisi salamat qalıb yaşayacaqdır. Mən özüm səninlə qalacağam, qardaşım Abdullah isə ibn İstifanusun yanına gedəcəkdir, çünki biz nə olacağını bilmirik və sonradan bizim sülaləni davam etdirə biləcək varisimiz yoxdur». «- Sənin çoxlu oğlanların vardır», - deyə İbn Sumbat ona müraciət etdi. Lakin Babək cavab verdi ki, onların arasında bir nəfər də münasib olanı yoxdur, buna görə qardaşını inandığı ibn İstifanusun qalasına göndərməyi qərara almışdır» /14, s.403/. Babəkin bu sitatdakı sözlərindən açıq-aydın görülür ki, o, özünü müstəqil dövlətin hökmdarı hesab edir, özündən sonra hökmdar sülaləsinin varisinin kim olacağını düşünürdü.
Əbu Məhəmməd Əhməd ibn Əsəm Əl-Kufinin “Kitab-əl-Fütuh” adlı əsərində Babəkin oğluna yazdığı cavab məktubunda onun məşhur kəlamı aşağıdakı şəkildə qeyd olunub: «Babək oğlunun məktubu ilə tanış olandan sonra məktubu gətirənin boynunu vurdu. Xəlifənin fərmanını isə heç açmayıb, sinəsi üstə qoydu və ikinci elçiyə dedi: «Oğlumun yanına get və bu sözləri ona çatdır: bir gün hökmdar kimi yaşamaq qırx il qul qalmaqdan daha yaxşıdır!»» Burda Babəkin özünü hökmdar qismində görməsi asanlıqla anlaşılır. Qeyd edək ki, Təbəridə həmin kəlam «qırx il miskin qul kimi ömür sürməkdənsə, bir gün ağa kimi yaşamaq daha yaxşıdır» formasında əks olunub. 
Babəkin bir hökmdar olduğunu söyləməyə əsas verən daha bir mühüm fakt Abdürrəhman ibn Əbu Bəkr Cəlaləddin əs-Süyutinin (Cəlaləddin Əsyutinin) “Tərix-ül-xülafə” adlı əsərində əks olunmuşdur. Tarixçi-alim Z.Bünyadov öz əsərində Süyutinin «837-ci ildə Mötəsim Azərbaycan padşahını (məlikini) əsir almışdır»  deyə yazdığını bildirir.
Səid Nəfisi öz əsərində “Babəkin hökmranlıq etdiyi ərazilər”dən danışır və bu ərazilərin coğrafi təsvirinə yer verir. Təsvirdən sonra tədqiqatçı-alim “Babəkin geniş bir ərazidə hökmranlıq etməsini” qeyd edir. “Hökmdarlıq” və “hökmranlıq” arasında leksik-semantik fərqlər olsa da, bu sitat öz-özlüyündə Babəkin kifayət qədər geniş bir əraziyə kifayət qədər uzun bir müddət ərzində nəzarət etdiyini və bu ərazilərdə öz idarəçilik qayda-qanunlarını tətbiq etdiyini təsdiqləyir.
Mənbələrin məlumatları ilə yanaşı, Babəkin hökmdar olduğunu sübut edən digər məqamlara da diqqət cəlb etməkdə fayda vardır. Bu məqamlar üzərində tarix sahəsində bu günədək müəyyən səbəblərdən sistemli iş aparılmamışdır, bununla bərabər, bu faktların ciddi fərziyyələr irəli sürmək üçün kifayət qədər əsas verdiyini mütləq qeyd etməliyik.
Əvvəla, onu bildirmək lazımdır ki, Babəkin çoxlu sayda cəlladının olması barədə bir sıra mənbələrdə, o cümlədən, Təbərinin “Tərix-ər-rüsul və-l-müluk”, Nizamülmülkün “Siyasətnamə”, Həmdullah Mustovfinin “Tarixi-qozide”, Qazi Əhməd Ğəffarinin “Nigaristan”, Fəsih Herəvinin “Mücməli-fəsih” əsərlərində, habelə, “Zinət-əl-məcalis” əsərində məlumatlar verilib, hətta Füzuni Astarabadinin “Kitabi-Büheyrə” əsərində Babəkin cəlladlarının sayı iyirmi nəfər göstərilib. Sıradan bir üsyan başçısının bu qədər cəlladının olması heç bir məntiqə sığmır, verilən məlumatlardan aydın olur ki, Babəkin idarəetməsində konkret məhkəmə və cəza mexanizmi də olmuşdur. Əks təqdirdə, bu qədər cəllada da ehtiyac olmazdı. Bu fakt öz-özlüyündə Babəkin bir müstəqil dövlətin hökmdarı olduğunu təsdiqləyir. 
Babəklə bağlı bu günədək aparılmış tədqiqatlarda diqqətdən demək olar ki kənarda qalmış daha bir fakt Babəkin hərəmxanasının olması faktıdır. Sovet dövründə məlum səbəbdən bu faktın üzərindən sükutla keçilmişdir. Tarixi mənbələr onun arvadlarından ikisi – Bəzz qalasının sahibi olmuş Şəhrək oğlu Cavidanın dul qalmış qadını və Sünik knyazı Vasakın qızı İbnət əl-Kəldaniyyə barədə daha ətraflı məlumat verir. S.Nəfisi qeyd edir ki, “Görünür ki, onun (Babəkin – C.B.) bir neçə arvadı var imiş. Yazıldığına görə, Samirəyə aparılan əsirlər içərisində bir neçə qadın varmış ki, Babəkin arvadları hesab olunurdular”. İmadəddin ibn-Kəsir “Əl-bidayə və-n-nihayət” adlı əsərində Babəkin Afşin tərəfindən ələ keçirilən ailə üzvləri barədə bunu yazır: “Onun (Babəkin – C.B.) on yeddi oğlu və özü ilə oğullarının arvadlarından iyirmi üç nəfər qadın ələ keçmişdi”. 
Elə bu yerdəcə onu da qeyd edək ki, Babəkin 827-ci ildə Sünik knyazı Vasakla qohum olaraq onun qızını alması faktı əslində Babəkin hökmdar statusunu təsdiqləyən bir hadisə kimi dəyərləndirilə bilər. Hər halda, IX yüzillikdə Sünik vilayətinin hakimi kimi bir adamın ən azı əsilzadəlik meyarları baxımından adi bir üsyan rəhbərinə qız verib qohum olması o qədər də tez-tez baş verən hadisə deyildi. Deməli, ən azı Sünik və digər Qərbi Azərbaycan ərazilərində Babək adi bir üsyan başçısı yox, məhz hakim, hökmdar qismində qəbul olunurdu. 
Daha bir məqam pavlikianların üsyanının yatırdılması məqsədilə Babəkin quzey Azərbaycan ərazilərinə qoşun çəkməsidir ki, bu fakta da diqqət yetirmək lazım gəlir. Belə ki, bu üsyanın yatırılması üçün Alban (Alpan) knyazları özləri Babəkə müraciət edərək ondan yardım istəmiş, yalnız onun bu işi həll edə biləcəyini bildirmişdilər. Azərbaycan tarixində belə bir hal görülməyib ki, bir hökmdar yaxud vilayət hakimi öz ərazilərində çıxan üsyanı yatırtmaq üçün başqa bir üsyançını öz dəstələri ilə birlikdə dəvət etsin. Burdan aydın olur ki, həm Sünik knyazı Vasak, həm Beyləqan hakimi Əbu Musa Yesai, həm də digər Alban (Alpan) hakimləri və feodallar Babəkə özlərindən daha yüksək məqama sahib, hökmdar statusunda olan bir insan kimi yanaşırdılar. 
Babəkin bir hökmdar kimi atdığı addımlar arasında onun 827/828-ci ildə pavlikianların üsyanını yatırtması, erməni-hayların təşkil etdiyi qoşunu məğlub edərək erməni din xadimlərini ölkənin şimal-qərbindən qovması, onların əmlakına isə od vurub yandırması ilə yanaşı, eyni zamanda, ölkəni işğal etmək niyyətindən əl götürməyən Abbasi xilafətinin ordularına qarşı daha təsirli addımlar atmaq məqsədilə Azərbaycan ərazilərindən kənarda – xilafətin iç bölgələrində Abbasilərə qarşı çıxış edən qüvvələrə dəstək verməsi kimi faktlar da var. 833-cü ildə (hicri 218-ci il) İsfahan şəhərində hürrəmilərin tərəfdarları üsyan qaldırdığı zaman xəlifə Mötəsim Babəkin ordusunun İsfahana girə biləcəyindən narahat olaraq qabaqlayıcı tədbir kimi xilafət sərkərdəsi İshaq ibn İbrahimin rəhbərlik etdiyi çoxsaylı xilafət ordusunu Xürrəmilər üzərinə göndərdi, hürrəmilər Həmədan yaxınlığında bu qüvvə ilə döyüşdə məğlub olsalar da, Babək taktiki gediş edərək Hürrəmi ordusunun bir qismini Azərbaycan ərazilərindən kənarda yerləşən İsfahan şəhərini almaq üçün göndərdi. Xürrəmi ordusu İsfahanı ərəb qoşunlarından təmizlədi. Bu hadisə onu göstərir ki, Azərbaycanın hökmdarı olan Babək artıq xilafətlə istənilən formada barışığın və dinc yanaşı yaşamağın mümkün olmadığını qəbul etmiş, birbaşa xilafətin ərazilərinə hücuma keçməyi və Abbasilərin dövlətçilik təməllərini sarsıtmağı qərara almışdı.
Bəzz qalasının süqutundan sonra Babəkə Abbasi xəlifəsi tərəfindən qızıl möhürlü fərman göndərilməsi də diqqət yetirilməsi vacib olan bir nüansdır, belə ki, adi bir üsyan başçısına, üstəlik qüvvələri zəiflədilmiş və resursları tükədilmiş bir adama qızıl möhürlü fərman göndərilməsi ağlasığmazdır. Xəlifənin bu addımı, aydın məsələdir ki, heç də onun Babəkə simpatiya ilə yanaşması yaxud aşırı humanistlik nümayiş etdirməsi demək deyildi, bu, Babəkin özünün istər-istəməz hökmdar qismində görülməsindən irəli gələn addım idi – yalnız bir hökmdara bu cür təntənəli şəkildə xəlifə fərmanı göndərilə bilərdi. Bu yanaşmamızın doğruluğunu Babəkin əsir alınaraq xilafət paytaxtı Samarraya gətirilməsi hadisəsi də təsdiqləyə bilər. Təbəri “Tərix əl-rüsul və-l-müluk” əsərində, İmadəddin ibn-Kəsir “Əl-bidayə və-n-nihayət” əsərində, Mirxond Bəlxi “Rövzət-əs-səfa” əsərində, Məsudi “Müruc-əz-zəhəb” əsərində qeyd edirlər ki, Babək hökmdarlara məxsus dəbdəbə ilə geyindirilmiş, başına hökmdarlarda tez-tez müşahidə olunan, xəzlə əhatə olunmuş şiş papaq qoyulmuş, məxsusi bəzədilmiş olan nəhəng bir filə mindirilmişdi. Babəkin əsir götürülmüş oğlanlarına xəlifənin öz geyimlərini geydirməsini, onların hərəsini bir atın belinə mindirməsini və şəxsən hər bir atın ayağına ləl-cəvahirat bağlayaraq onları anaları ilə birlikdə azad etməsini biz dövlətə asi olmuş adi bir üsyançıya göstərilən nəvaziş kimi qəbul edə bilmərik, bu, məntiqdən kənar olardı. Bu addım yalnız hökmdar yaxud əsilzadə kimi qəbul edilən adamın özünə və ailəsinə xəlifə səviyyəsində nümayiş etdirilən etiket (süni də olsa) kimi dəyərləndirilə bilər. 
Babəkin hökmdar olması fikrini dəstəkləyən tədqiqatçılar adətən əks fikirdə olanların belə bir sualı ilə üzləşirlər – Babək müstəqil bir dövlətin hökmdarı olubsa, niyə 22 il ərzində öz adına pul sikkəsi kəsdirməyib? Doğrudan da, ilk baxışda məntiqli və maraqlı sualdır. Lakin bu sualın cavabını verərkən ilk növbədə onu qeyd etmək lazım gəlir ki, Babəkin əsas fəaliyyət məkanı olan Güney Azərbaycan ərazisində arxeoloji qazıntılar aparmaq uzun müddətdir ki, İran hökümətinin icazə verməməsi səbəbindən müşkülə çevrilib. Belə olduğu halda, heç kim əminliklə deyə bilməz ki, Babəkin bir hökmdar kimi pul sikkəsi yox idi. Faktı bu cür söyləmək lazımdır ki, müxtəlif maneə və əngəllər ucbatından güney Azərbaycan ərazilərində, ələlxüsus, Bəzz nahiyəsində arxeoloji qazıntılar aparmaq mümkün olmadığına görə bu günədək Babək Xürrəminin adına kəsilmiş hər hansı pul sikkəsi hələ ki aşkara çıxarılmamışdır. Digər tərəfdən, Babəkin öz adına pul sikkəsinin olmamasını da izah edə biləcək üç ciddi səbəbi görməzlikdən gəlmək olmaz, bu səbəblərə toxunmaq lazımdır:
1. Babəkin vətən torpağını işğaldan qorumaq məqsədilə apardığı bitib-tükənməyən savaşlar, onun xalq ordusu üçün silah əldə etmək, lokal xarakterli gündəlik çatışma və vuruşların baş verməsi, hətta Babək istəsəydi belə, onun pul sikkəsi buraxdırmasına çətin ki imkan verəydi. Təkcə Afşin Hidr ibn Kavus və onun çoxsaylı qoşun sərkərdələri ilə ayrı-ayrılıqda aparılan gündəlik savaşlar iki il yarımdan artıq çəkib. Bundan əvvəlki xilafət sərkərdələri ilə də eyni dərəcədə gərgin savaşlar yaşanıb. Bu cür gərgin bir durumda olan hər hansı bir hökmdarın pul sikkəsi buraxdırması müşkül işdir, ən azı böyük xərc çəkilərək kəsdirilən sikkələrin həmin hökmdarın hökmünün işlədiyi bütün ərazilərdə dövriyyəyə buraxılması qədər çətin, hətta bəlkə qeyri-mümkün bir işdir. Bu qədər çoxsaylı işğalçı orduların cavabını verə bilmək üçün külli miqdarda silah düzəldilməsi lazım gəldiyi bir halda, Babəkin öz adına sikkə buraxdırmaq üçün pul ayırması ağlabatan görünmür.
2. Babəkin İslamın sufi yolunda olduğunu bir çox mənbələr qeyd edir, sufilikdə isə insanın şəxsi “mən”i arxa plana keçməlidir. Belə olduğu halda, Babək niyə öz adına pul sikkəsi buraxdırmalı idi ki? İslam dünyasının hər yerində istifadə edilən pul vahidi, ola bilər ki, Babək üçün də keçərli olmuşdur və Babək bu cür, necə deyərlər, ikinci dərəcəli məsələyə diqqət ayırmağı artıq hesab etmişdir. 
3. Babək 14 mart 838-ci il tarixdə Samirə şəhərində vəhşicəsinə edam edildikdən və guya İslamın qəddar düşməni kimi elan olunduqdan sonra onun öz adına buraxdırmış olduğu pullar da dövriyyədən yığışdırıla və ya müsadirə oluna bilərdi. Dəyərini itirən hər hansı pul vahidi, hər halda, heç bir dövrdə insanlara gərək olmur. Nəzərə almaq lazımdır ki, bir ucu orta Asiyada, digər ucu Afrikanın şimalında olan bir dövlət hər halda onun işğalından azad olmaq üçün 22 il dirəniş göstərmiş bir ölkənin Bəzz adlı böyük başkənd-qalasını yerlə-yeksan edərək xəritədən silibsə, bu qüvvə üçün düşmən bir hökmdarın adına kəsilmiş pul vahidini dövriyyədən yığışdırıb müsadirə etmək elə də çətin bir iş deyildi.
Babəkin rəhbərliyi altında 816-cı ildən başlayaraq geniş vüsət almış Xürrəmilər hərəkatının Azərbaycan ərazilərinə nəzarəti ələ keçirməsi ilə faktiki olaraq qurulmuş olan Xürrəmilər dövlətinin ideya əsasları əsasən İslami yönümlü olsa da, ortodoksal İslama yox, heterodoks İslama mənsub olmaqla Abbasi sarayının rəsmi məzhəbi olan Mötəziliyyəyə qarşı idi. Və bu dövlətdə şəriət qanunları dövlətin idarə olunmasında heç də mühüm rola malik deyildi. Bunu isbatlayacaq kifayət qədər fakt tərəfimizdən “Babək və Hürrəmilik: yalanlar və gerçəklər” adlı kitabda sadalanmışdır. Bu gün ortaya daha bir məntiqi sual çıxmaqdadır: Xürrəmilər dövlətini tarixdə ilk türk-müsəlman dövləti olaraq qəbul edə bilərikmi və bunun üçün əldə hansı ciddi əsaslar vardır?
İlk əvvəl onu bildirək ki, tarix elmində ilk türk-islam dövləti olaraq Qaraxanlılar dövlətinin qəbul edilməsi fikri yanlışdır. Çünki bundan çox-çox əvvəl İslam xilafətinin təsir dairəsində olan torpaqlarda türk sülalələrinin qurmuş olduqları dövlət qurumlarının mövcudluğu faktı vardır. Bu sırada Azərbaycanda IX əsrin II yarısından etibarən siyasi səhnəyə çıxmış olan Sacoğulları (Sacilər) dövlətini xatırlamaq kifayət edər. Lakin Xürrəmilər hərəkatının 816-cı ildən etibarən yenidən vüsət alaraq genişlənməsi və qarşısıalınmaz qüvvəyə çevrilməsi ilə İslam coğrafiyasında müstəqil bir dövlət qurulmuşdur ki, bu faktı isbatlayacaq dəlillərdən bəzilərini bundan əvvəl qeyd etdik. Bu dövlətin təməl prinsiplərinin Xürrəmilər hərəkatının və cərəyanının ideya prinsipləri ilə eyniyyət təşkil etməsi aydındır və heç bir şübhə doğurmur. O zaman Xürrəmilər hərəkatının ideyalarında ən ümdə yeri tutan prinsiplərin milli təşəkkül, türk özünüdərki və islam inancından ibarət olmasını təsdiqləyə biləcək faktları da demək lazımdır ki, Xürrəmilər dövlətinin təməl prinsiplərinin türk-islam sintezinə əsaslanması tezisinin ciddi əsaslara malik olması üzə çıxsın.
Xürrəmilərin milliyyətçi dünyagörüşünə sahib olmalarını təsdiqləyən faktlar çoxdur, lakin bunun ən bariz nümunəsinə İbn Vazeh Yəqubinin “Tarixi-Yəqubi” əsərində rast gəlmək mümkündür: «Sonra o, (xəlifə əl-Məmun nəzərdə tutulur – C.B.) Hatim ibn Hərsəmə ibn Əyunu Ərminiyyəyə vali təyin edir. O, ölkəyə gəlir və mütəzililərlə ifrat milliyyətçilər arasında qalmış olur. Onlar bir-biri ilə elə vuruşurlar ki, az qala məhv olacaqdılar, sonra barışırlar. Hatim ibn Hərsəmə elə bir neçə gün ölkədə qalmışdı ki, ona atası Hərsəmənin ölüm xəbəri və onun necə şəraitdə ölməsi çatır» /10, səh. 150/. Burda söhbət xilafət dövründə “Ərminiyyə” adlandırılan quzey Azərbaycan torpaqlarında xəlifə Məmun dövründə hakim mötəziliyyə cərəyanının tərəfdarları ilə onlara qarşı etiraz çıxışları edən ifrat milliyyətçilərin olduqca sərt qarşıdurmasından gedir. İfrat milliyyətçi adlanan cinahın mənsublarının məhz Xürrəmilərdən ibarət olması tarix yazarlarının qeydlərindən də aydın görünməkdədir. Əks təqdirdə bu cinahın mənsubları Xürrəmilərdən ayrı bir qüvvə olaraq daha ətraflı və məxsusi olaraq qeyd olunardı, İbn Vazeh Yəqubi isə öz əsərində 212-ci hicri ilində (827-828-ci illərdə) baş verən hadisələrə və Xürrəmilərin fəaliyyətinə toxunarkən bu hadisəni qeyd edir. Deməli, Xürrəmilər məhz Azərbaycanın milliyyətçi qüvvələri idi ki, bölgəyə nəzarəti əllərinə keçirmiş, Abbasi ordularını ard-ardına məğlub etmiş, müstəqil dövlət qurmuşdular.
Babək başda olmaqla Xürrəmilərin İslam inancına sahib olmaları və imanlı müsəlmanlar olaraq da İslam adından sui-istifadə edən xilafət sarayının zülmünə qarşı cihad etmələri ilə bağlı faktlar müxtəlif mənbə məlumatlarına istinad edilməklə “Babək və hürrəmilik: yalanlar və gerçəklər” adlı kitabımda sadalanmışdır. Xürrəmilərin məhz heterodoks İslamın bir qolu olduqları sözügedən faktlarla öz təsdiqini tapmaqdadır. Azərbaycan tarixində bu cür türk milli özünüdərk məfkurəsinə əsaslanan və İslamın heterodoksal yönümünə uyğun prinsiplərə dayanan dövlət qurulması hadisəsinə Xürrəmilərdən təxminən yeddi əsr sonra – Səfəvi Qızılbaş dövlətinin qurulması dönəmində də rast gəlinmişdir, bu üzdən Xürrəmilər dövlətinin ideoloji tərəflərini dəqiq müəyyən etmək üçün onu sonrakı dövrlərlə də müqayisə etmək və paralellər aparmaq lazım gəlir. Azərbaycan Səfəvi-Qızılbaş dövlətinin təməl prinsiplərinin özülü hələ bu dövlət qurulmamışdan əvvəl – Qızılbaşların mürşidi Şeyx Cüneydin və oğlu Şeyx Heydərin zamanında qoyulmuşdu. Şeyx Heydərin təliminin Hürrəmilik ideyaları ilə nə dərəcədə bağlı olduğunu isə müxtəlif mənbələrdən bilmək olar. Sözügedən mənbə məlumatlarından birini bu yazıda xatırlamaq, zənnimcə, məsələyə aydınlıq gətirməyə kömək edər. 
Fəzlullah ibn Ruzbehxanın fikrincə, “Şeyx Heydər öz müridlərinə Babəkin dini qayda-qanunlarını təbliğ edirdi”. Burdan belə bir nəticə hasil edə bilərik ki, Şeyx Heydər oğlu Şah İsmayılın qurduğu Səfəvi Qızılbaş dövləti öz dini-ideya məzmununa görə məhz Babəkin qurmuş olduğu Hürrəmilər dövlətinin məntiqi davamı olmaqla onun təməl prinsipləri ilə eyniyyət təşkil edirdi. 
Yuxarıda sadalanan tarixi mənbə məlumatları və bir sıra tarixi faktlar onu söyləməyə əsas verir ki, Babək Abbasilərin yürütdüyü siyasətə qarşı xalq-azadlıq hərəkatının öndəri olmaqdan əlavə, həmçinin, bu hərəkatın nəticəsi kimi bölgədə ortaya çıxmış, türk-islam düşüncəsinə əsaslanan müstəqil Xürrəmilər dövlətinin də hökmdarı olmuşdur. Mənbə müəllifləri bu dövlətin ismini o səbəbdən öz əsərlərində qeyd etməmişlər ki, ilk növbədə iqtidarda olan işğalçı Abbasi xanədanı mənsubları bunu yazmağı qadağan etmişlər. Sonrakı yüzilliklərin tarix yazarları isə Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatı və Xürrəmilər dövləti barədə yazdıqları qeydlərdə özlərinə əziyyət vermədən, sadəcə olaraq özlərindən əvvəlki dövrlərin saray tarixçilərinin qərəzli məlumatlarına istinad etməyi daha doğru hesab etmişlər. 
Babəkin hökmdarı olduğu Xürrəmilər dövləti barədə ilk növbədə bunları demək olar ki, bu dövlət Azərbaycan türklərinin 816-cı ildə yenidən baş qaldıran milli-azadlıq hərəkatının məntiqi nəticəsi kimi təxminən 820-ci ildə meydana çıxmışdır. Azərbaycan Xürrəmilər dövlətinin banisi olan Babək Xürrəminin konkret ərazilərdə idarəetmə sisteminə malik olması bunu söyləməyə əsas verir. Xürrəmilər dövlətinin təməlində dayanan ideoloji prinsiplər türklük və heterodoks islam düşüncəsi idi, dövlət şəriət qanunları ilə idarə olunmurdu. Qonşuları Xəzər xaqanlığı ilə Bizans imperiyasının tənəzzül dövrünə təsadüf edən Xürrəmilər dövləti mövcud olduğu 22 il ərzində İslam dini adı altında İslama tamamilə zidd mövqe tutan və ərəb imperializmi düşüncəsi ilə işğal siyasəti yürüdən Abbasilər dövlətinin davamlı təhdid və müdaxiləsi ilə baş-başa qalmış, özünümüdafiə məqsədilə bu işğalçı dövlətlə arasıkəsilmədən müharibələr aparmalı olmuşdur. Bu müharibələr zamanı Azərbaycan Xürrəmilər dövlətinin orduları hökmdar Babəkin başçılığı altında uzun müddət nəinki vətən torpaqlarını yadellilərin təcavüzündən qorumuş, hətta Abbasilər xilafətinin bir sıra digər əraziləri (Xorasan, İsfahan, Təbəristan və s.) üzərində nəzarəti zaman-zaman ələ keçirmişdir. 
Bir sıra tarixçilərimiz ilk türk-islam dövlətinin Volqa Bulqarlarının dövləti olması fikrini müdafiə etməkdədir. Bu fikirdə az da olsa həqiqət payı vardır. Lakin onu nəzərə almaq lazımdır ki, Volqa Bulqarlarının dövləti yaranışında İslam inancına söykənməmişdi, sonradan İslam dinini qəbul etməklə öz təməl prinsiplərində dəyişiklik etmişdi. Babəkin qurucusu olduğu Xürrəmilər dövləti isə məhz türklük və islam düşüncəsi üzərində qurulmuş dövlət idi, bu baxımdan Xürrəmilər dövlətini çəkinmədən ilk türk-müsəlman dövləti olaraq qəbul etmək mümkündür. İnanmaq olar ki, bu səmtdə aparılacaq gələcək tədqiqatlar Xürrəmilər dövləti ilə bağlı daha qaranlıq məqamları üzə çıxarmaqla yanaşı, onun türklük və İslam prinsipləri üzərində bərqərar olması fikrini də möhkəmləndirəcəkdir. 
 
Ceyhun Bayramlı
Cross Media Analitik Qrupunun Eksperti

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il