Ermənistan niyə məhz Tovuzu hədəf almışdı?- Altı il sonra açıqlandı
Azərbaycan tarixində mühüm yer tutan Tovuz döyüşlərinin altıncı ildönümü tamam olur. 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.
İyulun 12-də Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olunub. Həmin günü düşmən dövlət sərhədində irimiqyaslı təxribata əl atıb. Amma düşmənin bu təxribatının qarşısı alınıb və dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edilib. Tovuz döyüşləri iyulun 14-də də davam edib. Belə ki, düşmən iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, həmçinin hücumun qarşısını alarkən daha 5 hərbi qulluqçu şəhid olub. Ermənistanın hücumları nəticəsində rayonun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirilib.

Türkiyəli hərbi ekspert Mithat Işık Tovuz döyüşləri barədə Crossmedia.az-a danışıb: “Tovuz döyüşləri 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədində yerləşən Tovuz rayonunu qəfil artilleriya atəşinə tutması ilə başlayıb. Bu hücum zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və 12 Azərbaycan hərbçisi şəhid olub. Ermənistan ordusu da ciddi itkilər verib. Döyüşlər 2020-ci il iyulun 16-da başa çatıb.
Bu qarşıdurma həmin ilin sentyabrında başlayacaq İkinci Qarabağ müharibəsinə aparan strateji prosesin və milli oyanışın başlanğıcı olması baxımından mühüm əhəmiyyət daşıyır.
Digər tərəfdən, Tovuz strateji bölgədir. Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı–Tbilisi–Ceyhan neft kəməri, TANAP-ın başlanğıcı olan Cənubi Qafqaz qaz kəmərləri bu ərazidən keçir. Eyni zamanda Azərbaycanın Gürcüstan üzərindən Türkiyəyə çıxışını təmin edən yeganə avtomobil yolu da buradan keçir. Bu səbəbdən Tovuzun strateji əhəmiyyəti olduqca böyükdür”.
O, bildirib ki, Tovuz döyüşləri Türkiyə ilə Azərbaycanı quru yolu ilə birləşdirəcək Zəngəzur yoluna aparan Qarabağ müharibəsinin başlanmasına və Azərbaycanın qələbəsi ilə başa çatmasına zəmin yaradıb: “Bölgədə sülhün və əmin-amanlığın təmin olunması istiqamətində ilk addımı Azərbaycan Ordusu Tovuzda atıb və işğal altında olan bütün Vətən torpaqlarını azad edən tarixi qələbə qazanıb. Bu uğurda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
12:00 13.07.2026
Oxunuş sayı: 62