Razi Nurullayev Prezident Administrasiyasında iqtidar-müxalifət dialoqunun zəruriliyini müzakirə edib
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevlə Prezident Administrasiyasında görüş keçirilib.
Bu barədə "Crossmedia.az"-a partiyanın mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə keçirilmiş görüş zamanı ölkənin daxili siyasi həyatı və partiyaların fəaliyyəti ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.
Ölkədə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülən misilsiz işlər, infrastruktur layihələri, habelə müxtəlif sahələrin inkişafı ilə bağlı dövlətin konkret təşəbbüsləri ətrafında müzakirələr aparılıb. Görüş çərçivəsində həmçinin informasiya məkanında vaxtaşırı şəkildə təkrarlanan qərəzli təxribatlar ilə mübarizədə fəal mövqeyin nümayişinin zəruriliyi də xüsusi olaraq vurğulanıb.
Eyni zamanda bildirilmişdir ki, Milli Məclisdə təmsil olunan siyasi partiyaların qanunvericilik işində nümayiş etdirdiyi fəallıq təqdirəlayiqdir. Qeyd olunmuşdur ki, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan iqtidar-müxalifət siyasi dialoq ölkədə milli həmrəyliyin qorunması prosesində müstəsna əhəmiyyətə malikdir.
Partiya sədri vurğulamışdır ki, sağlam əməkdaşlığın nəticəsində fəal siyasi instituta çevrilən siyasi partiyaların ictimai müzakirələrdə iştirakı ölkənin dayanıqlı demokratik ənənələrinin formalaşması prosesinə də müsbət təsir edir.
Razi Nurullayev rəhbərlik etdiyi Milli Cəbhə Partiyası tərəfindən həyata keçirilən layihələr haqqında geniş məlumat verərək qeyd etmişdir ki, bundan sonra da dialoq ənənələrə sadiq qalacaq və milli maraqlara xidmət edən bütün təşəbbüslərə dəstək göstərəcək.
Prezident Administrasiyasının rəsmisi Milli Cəbhə Partiyası tərəfindən həyata keçirilən layihələrin, Partiyanın dövlətçilik mövqeyinin siyasi dialoq prosesində müsbət qarşılandığını bildirmiş və Partiyanın işinə uğurlar arzulayıb.
16:50 02.06.2026
Oxunuş sayı: 72