Sensasion açıqlama: Yunanıstan Türkiyəyə müharibə elan edir, qardaş ölkə NATO-dan çıxır
Yunanıstanın Milli Partiyasının Avropa Parlamentindəki qrup sədri Elisa Vosberq Türkiyə ilə bağlı sərt bəyanatla çıxış edib.
O,Türkiyənin 156 Yunan adasında Türkiyə bayrağı qaldıracağı ilə bağlı fikirlərə münasibət bildirərək bunu tam absurd adlandırıb.
“Əgər bu baş versə, Allah eləməsin, buna cavab veriləcək və həmin cavab çox qəti və çox gur olacaq”, - deyə Vosberq bildirib.
Yunan siyasətçi Türkiyənin siyasətini yenidən ərazi iddiaları siyasəti kimi qiymətləndirərək bunun yalnız Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı olmadığını bildirib.
“Türkiyənin yenidən ərazi iddiaları siyasəti təkcə Ərdoğanla bağlı deyil. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu, Türkiyənin siyasətidir”, - deyə o vurğulayıb.
Məlum olduğu kimi, Türkiyə-Yunanıstan münasibətlərində Egey dənizi, adaların statusu və dəniz səlahiyyət zonaları ilə bağlı mübahisələr uzun illərdir davam edir. Bu fonda Yunanıstanın bəzi siyasi dairələrində Türkiyənin bölgədə artan nüfuzu və hərbi-siyasi imkanları ilə bağlı narahatlıq tez-tez gündəmə gətirilir.

Politoloq Turab Rzayev Crossmedia.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Yunanıstan dövlətinin indiki xarici siyasət konsepsiyası fonunda Ankara ilə Afina arasında münasibətlərin normallaşmasını yaxın zamanda gözləmək real görünmür. Onun sözlərinə görə, Yunanıstan həm xarici, həm də daxili siyasətini faktiki olaraq Türkiyə ilə qarşıdurma üzərində qurub: “Faktiki olaraq Yunanıstan dövləti öz xarici siyasətini, hətta daxili siyasətini Türkiyə düşmənçiliyi üzərinə qurub. Yunanıstan həm Kipr məsələsində milli dövlətçiliyini Türkiyə əleyhinə mövqe üzərində davam etdirir. Burada təkcə Türkiyə əleyhinə açıqlamalar deyil, konkret addımlar da atılır. İki ölkə arasında əsas gərginlik mənbələrindən biri Egey dənizindəki adaların statusu və dəniz sərhədlərinin bölgüsüdür. Yunanıstanın Egey adalarını silahlandırması, ərazi sularını 3-6 mil dən 10 milə qədər artırmaq cəhdləri Ankaranın etirazı ilə qarşılanır. Egey dənizindəki adaların silahlandırılması, daxili suların artırılması məsələsi, dəniz sərhədlərinin bölgüsü bütün bunlar ayrıca problemdir. Yunanıstan faktiki olaraq Türkiyədən on minlərlə kvadratkilometrlə fərqlən dəniz səthinə iddia edir. Türkiyə isə bunun tarixi və hüquqi əsaslarının olmadığını bildirir. Eyni problemi Kiprdə də görürük. Yunanıstan faktiki olaraq bütün Kiprin yunanlara aid olduğunu və adanın dəniz səthlərinin də onlara məxsus olduğunu iddia edir. Türkiyə isə bunun əksini müdafiə edir. Bu şəraitdə yaxın günlərdə Yunanıstan ilə Türkiyə arasında hərtərəfli nizamlama əldə etmək çətin görünür”.
Politoloqun fikrincə, Yunanıstan Türkiyə əleyhinə mövqeyindən istifadə edərək regionda hərbi və siyasi ittifaqlar qurmağa çalışır: "Afina öz ərazisində ABŞ-in hərbi bazalarını yerləşdirməyə, Vaşinqtonla silah və sursat sahəsində əməkdaşlığa üstünlük verir. Eyni zamanda Kipr də Rusiya, Fransa və ABŞ-ə öz ərazisində baza təklif edir. Yunanıstan faktiki olaraq həm Fransadan silah alır, həm də Paris ilə Türkiyəyə qarşı yönələn birgə hərbi təlimlər keçir. İndiyə qədər Yunanıstana qarşı kifayət qədər sərt mövqe tutan İsrail ilə də Aralıq dənizində dəniz sərhədlərinin bölgüsü istiqamətində razılaşmağa çalışır. Eyni zamanda Misir və Livanla yaxınlaşır, onlarla dəniz sərhədlərinin müəyyənləşdirilməsi üzrə danışıqlar aparır. Hətta Suriya hökuməti ilə də müəyyən anlaşma variantları axtarır. Yəni ortada görünən mənzərə budur: Yunanıstan və Kipr Türkiyəyə qarşı regionda mövqelərini gücləndirmək üçün bütün qüvvələrlə əməkdaşlıq edir, onlardan dəstək alır”.
Politoloq əlavə edib ki, Afina gələcəkdə Türkiyə ilə potensial hərbi qarşıdurmaya hazırlaşır: "Bu kontekstdə Yunanıstanın F-35 qırıcıları alması, uzaqmənzilli hücum və müdafiə sistemlərini inkişaf etdirməsi diqqət çəkir. Türkiyə bunu çox ciddi qəbul edir. Hətta NATO-nun zəifləməsi, Türkiyənin Alyansdan çıxması və Yunanıstanın müharibə elan etməsi ilə bağlı ssenarilər də müzakirə olunur”.
Ekspert diqqətçəkən məqamlardan birinin də ABŞ-in mövqeyi olduğunu qeyd edib: "Türkiyənin həm NATO müttəfiqi, həm də ABŞ-in strateji tərəfdaşı olmasına baxmayaraq, Vaşinqton açıq şəkildə Yunanıstanı dəstəkləyir, ona silah satır və ərazisində hərbi baza saxlayır. Çox qəribə məqam budur ki, Türkiyə NATO-nun müttəfiqidir, ABŞ-in tərəfdaşıdır. Amma eyni zamanda Vaşinqton Yunanıstanı açıq dəstəkləyir, onu silahlandırır, ərazisində faktiki hərbi baza saxlayır. Bu, Alyans daxilində də müəyyən ziddiyyətlər yaradır. Mövcud reallıqlar davam etdikcə Türkiyə ilə Yunanıstan arasında sülh və nizamlama prosesinin başlanması çətin məsələ olaraq qalacaq".
Nigar Xəlilli
19:46 01.06.2026
Oxunuş sayı: 65