4 aprel 2026-cı il tarixində AHƏNG Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi və Məlhəm Beynəlxalq Hospitalının birgə təşkilatçılığı, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) tərəfdaşlığı ilə "İnkluziv təhsil: inkluziv təhsilə pedaqoji, tibbi və psixoloji yanaşma – 3” adlı konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, konfransda həkimlər, psixoloqlar və pedaqoqlar spiker qismində çıxış edib, inkluziv təhsilin müxtəlif aspektləri üzrə fikirlərini bölüşüb, mövzu ətrafında geniş və faydalı müzakirələr aparılıb. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə millət vəkili Vüqar İskəndərov çıxış edərək inkluziv təhsilin inkişafı və bu sahədə həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Konfransın açılış mərasimində AHƏNG Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova və Məlhəm Beynəlxalq Hospitalının icraçı direktoru, eyni zamanda İCMA-nın İdarə Heyətinin üzvü Sevda Əlizadə çıxış edərək tədbirin məqsədi və inkluziv təhsilin cəmiyyət üçün əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.