İrandan Türkiyəyə yenə raket atıldı: Ankara müharibəyə qoşulacaq?
Martın 30-da İrandan Türkiyə ərazisinə növbəti raket hücumu olub. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İrandan atıldığı müəyyən edilən və Türkiyə hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raket müdafiəsi elementləri tərəfindən zərərsizləşdirilib.
Qeyd olunub ki, Türkiyə ərazisi və hava məkanına yönələn hər cür təhdidə qarşı lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülməkdə, bölgədəki bütün hadisələr diqqətlə izlənilməkdədir.
Hadisədən sonra Türkiyə xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub. Onlar bu məsələni müzakirə ediblər.
Məlum olduğu kimi, bu, Türkiyəyə ilk raket hücumu deyil. Bundan əvvəl də İrandan bir neçə dəfə Türkiyə ərazisinə raket düşüb. Bəzi mütəxəssislərə görə, bu, Türkiyəni müharibəyə çəkmək cəhdidir. Rəsmi Ankara isə hələ ki təmkinki davranır.

Türkiyəli politoloq Umur Tugay Yücel bu barədə Crossmedia.az-a danışıb: "Bildiyiniz kimi, Yaxın Şərqdə davam edən müharibə dövründə daha əvvəl də İrandan Türkiyəyə raket atılıb və onlar havada zərərsizləşdirilib. Türkiyə müəyyənləşdirir ki, hücumlar İran ərazisində həyata keçirilir. Rəsmi Tehran isə bu iddiaları qəbul etmir. Burada bir neçə ssenari meydana çıxır. Birincisi, ola bilsin, Türkiyə yox, Türkiyə ərazisindəki ABŞ və ya NATO ünsürləri hədəf alınır. Həmçinin ola bilsin ki, müəyyən texniki nasazlıqlar olub, raketin trayektorası səhv düşüb".
Onun fikrincə, növbəti mümkün ssenarilərdən biri İran daxilində mərkəzi hakimiyətə tabe olmayan qruplaşmaların "suları bulandırmaq" cəhdidir. Və ya, ola bilsin, İsrail Türkiyəni savaşa çəkmək istəyir. İndiki məqamda isə bu, asan görünmür. Türkiyə mümkün qədər çalışır ki, müharibəyə qoşulmasın, tərəf olmasın. Buna baxmayaraq, Türkiyə müharibədən yaxından təsirlənir".
15:20 31.03.2026
Oxunuş sayı: 618