Tramp atəşkəs adı altında əslində nə istəyir? - Sirlər açılır
Xarici KİV-in məlumatına görə, ABŞ və İran arasında mümkün atəşkəs planı Prezident Donald Trampın baş elçiləri Stiv Vitkoff və Cared Kuşner tərəfindən hazırlanıb və bu plan bir aylıq atəşkəs elanını nəzərdə tutur.
Buna baxmayaraq, İran nümayəndələri “The Telegraph” qəzetinə bildirib ki, o, Vitkoff və Kuşneri xəyanətdə ittiham edərək danışıqlardan imtina edib.
Məlumatlara görə, hazırkı vəziyyət atəşkəs planının həyata keçirilməsində ciddi əngəl yaradır və regionda gərginliyin davam etməsi ehtimalını artırır. Ekspertlər vurğulayırlar ki, ABŞ-İran danışıqlarında qarşılıqlı etimadın olmaması atəşkəsin gerçəkləşməsini çətinləşdirir.
Türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdulla Ağar proseslərin cari durumu barədə Crossmedia.az-a danışıb: "ABŞ Prezidenti Donald Tramp İranın səlahiyyətli şəxsi ilə görüşdüyünü, bir çox məqamda razılığa gəlindiyini və 5 günlük atəşkəs elan edildiyini söylədi. İran tərəfi bunu təkzib edərək Trampın prosesi manipulyasiya etməyə çalışdığını bildirdi. Trampın konkret olaraq kiminlə görüşdüyünün əhəmiyyəti yoxdur. Çünki müharibə atəşkəs tələb edirdi".

O, söyləyib ki, atəşkəs fürsətdir: "Atəşkəs vaxt qazandırır. Bu, dağılan durumu yenidən qruplaşdırmaq üçün fürsət yaradır.
Qoşunların yerləşdirilməsi və sıra düzəlişlərinə imkan verir. "Nəfəs almağa", planları yeniləməyə imkan verir, qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün fürsət təqdim edir. Həmçinin atəşkəs müttəfiq münasibətlərini və koordinasiyanı yenidən təşkil edir, zəiflikləri aradan qaldırmaq üçün fürsət təqdim edir".
Müsahibimiz qeyd edib ki, müharibənin yaratdığı qeyri-müəyyənliklər artıq kritik bir həddi keçib: "İran hava hücumundan müdafiə qüvvələri tərəfindən F-35 təyyarəsinin vurulması və gizli qalan digər iddialar, 4000 km məsafədə yerləşən Dieqo Qarsiyaya ballistik raketlə müdaxilə, müharibədə iştirak edən dövlətlərin, əsasən İranın "nəzarətsiz reflekslər" riski,
enerji böhranının müharibənin istiqamətinə birbaşa təsir etməsi, müharibənin ABŞ-İsrail tandeminə və onların müttəfiqlərinə təzyiq göstərməsinin yan təsirləri və təzyiq altında olan müttəfiqlərin ABŞ və İsrailə təzyiq göstərməyə başlaması, İranın İsraildəki nüvə obyektlərinin yaxınlığındakı hədəfləri vurması ciddi məsələlərdir. Bütün bunlar göstərir ki, nəzarət edilən gərginlik nəzarətsiz gərginliyə çevrilir.
Məhz bu səbəblərə görə Tramp müharibəni yenidən idarəolunan çərçivəyə salmaq üçün "müvəqqəti atəşkəs" kartını oynayır".
13:10 25.03.2026
Oxunuş sayı: 59