Azərbaycan dünyada qüdrətli idman ölkəsi kimi tanınır - RƏY
Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb.
Müasir Azərbaycanda idman artıq təkcə fiziki fəaliyyət deyil, həm də dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə ölkədə inşa olunan Olimpiya İdman Kompleksləri, beynəlxalq yarışlara ev sahibliyi və idmançılarımızın dünya arenasındakı uğurları bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.
Azərbaycan idmançıları Olimpiya və Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında mühüm nailiyyətlər əldə edərək üçrəngli bayrağımızı zirvələrə qaldırıblar. Bu uğurların arxasında isə illərin zəhməti, sistemli hazırlıq prosesi və idman infrastrukturunun gücləndirilməsi dayanır.
İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib. Həmin idman mərkəzləri indi uğurla fəaliyyət göstərir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı tezliklə öz müsbət nəticəsini verib.

Əməkdar jurnalist, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Oqtay Bayramov ölkədə idmanın inkişafı barədə Crossmedia.az-a danışıb: “Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər il martın 5-nin ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilməsi barədə 4 mart 2005-ci il tarixli sərəncam imzalamasından 21 il ötür. Respublikamızın bədən tərbiyəçiləri və idmançıları ötən illərdəki kimi, yenə gənclik,ğözəllik və sağlamlıq bayramını yüksək fəallıq şəraitində qarşılayırlar. Onlar asudə vaxtlarını səmərəli keçirmək, məşq və yarış meydanlarında sevimli idman növləri ilə məşğul olmaq üçün yaradılan imkanlardan dövlətə minnətdarlıq hissi ilə istifadə edirlər. Sağlamlığın möhkəmləndirilməsində, gümrahlığın artırılmasında,yeniyetmə və gənclərin yüksək fiziki hazırlığında, onların nəcib keyfiyyətlərə yiyələnməsində bədən tərbiyəsi və idman məşğələləri müstəsna rol oynayır. Təsadüfi deyil ki, insan həyatının ayrılmaz tərkib hissəsi olan bu məşğələlər gündəlik həyat tərzimizdə özünə möhkəm yer etmişdir. Məhz dövlətimizin daimi qayğı və diqqəti sayəsində bədən tərbiyəçiləri asudə vaxtlarında müasir idman bazalarında sağlamlıq və gümrahlıq startlarına çıxır, ən yaxşı idmançılarımız isə beynəlxalq meydanda--Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, "Qran-pri","Böyük dəbilqə" turnirlərində və diğər mötəbər yarışlarda uğurlu çıxışları ilə qüdrətli idman ölkəsi kimi tanınan Azərbaycanın nailiyyətlərini ildən-ilə daha yüksək səviyyəyə çatdırırlar”.
O, həmçinin söyləyib ki, 2015-ci ilin iyun ayından dünyada Avropa oyunlarının vətəni kimi tanınan Azərbaycan və 50-dən çox ölkənin ən yaxşı idmançılarını öz bayrağı altında birləşdirən bu unudulmaz idman bayramının ilk paytaxtı Bakı özlərinin müasir olimpiya kompleksləri,ayrı-ayrı növlər üzrə beynəlxalq tələblərə tam cavab verən əzəmətli idman sarayları,həmişə yarışların yüksək səviyyədə təşkili ilə iştirakçıların və çoxsaylı qonaqların rəğbətini qazanmışdır: “Bu gün Azərbaycan bədən tərbiyəçiləri və idmançıları növbəti dəfə öz bayramlarını qeyd edirlər. Həmişəki kimi,yenə bu münasibətlə ölkənin müxtəlif guşələrində əsl bayrama çevrilən kütləvi startlar, yoldaşlıq görüşləri və digər tədbirlər keçirilir. Günün mübarək, Azərbaycan idmanı!”.
15:37 05.03.2026
Oxunuş sayı: 616