Çoxdandır gözlənilən müharibə başladı: Perspektiv nə vəd edir?
İsrail Prezidenti İshaq Hersoq "X" hesabında yazıb ki, ABŞ və İsrailin İrandakı əməliyyatı tarixi addımdır.
"Bu, tarixi addımdır və mən ABŞ Prezidenti Donald Trampa və Baş nazir Binyamin Netanyahuya bu qərara görə təşəkkür edirəm, bunun bizim və bütün Yaxın Şərq üçün tarixi dəyişikliklərə gətirib çıxaracağına ümid edirəm", - o bildirib.
Hersoq həmçinin ölkə vətəndaşlarını qarşıdakı çətin günlər barədə xəbərdar edib. "Biz güclü xalqıq və heç kim bizi sındıra bilməz. Özünüzü qoruyun və Arxa Cəbhə Komandanlığının göstərişlərinə əməl edin".

İrana qarşı çoxdandır gözlənilən və bu gün başlayan hərbi əməliyyatlar barədə siyasi şərhçi Aqşin Kərimov Crossmedia.az-a açıqlama verib: "İrana qarşı ABŞ-İsrail əməliyyatları effektiv olacaqsa, onda proqnozlaşdırılan ssenari üzrə İran daxilində silahlı üsyan fazası hərəkətə keçə bilər. İranda son aylarda yaradılan iki koalisiya bu ssenari üzrə potensial hazırlıqlı təşkilatlar kimi nəzərdən keçirilib. Bəlucların koalisiyasından sonra, İranda yaradılmış rejim əleyhdarı kürd təşkilatları koalisiyası İranda kürdlərin çoxluq təşkil etdiyi ərazilərdə idarə etməni həyata keçirmək üçün vizyonunu açıqlayıb. İran Kürdüstanında Siyasi Qüvvələr Koalisiyası adlanan bu təşkilat, bundan əvvəl yaradılan bəlucların koalisiyası İranda rejim dəyişikliyi üçün ABŞ və İsrailin vizyonunun prioritetlərini əks etdirir. Sızdırılmış insayder məlumatlar əsasında, Ali Rəhbər Əli Xameneinin ətrafında formalaşmış ən gizli qapalı təhlükəsizlik və hərbi, ideoloji şəbəkə üzərindən sirr pərdəsinin götürülməsinə cəhdlər edildiyi görünməkdə idi. Ancaq İslam Respublikasının cavab reaksiyası bu prosesi təxirə sala bilər".
13:21 28.02.2026
Oxunuş sayı: 921