Konstitusiya prinsiplərinin düzgün anlaşılması və tətbiqi xüsusi önəm daşıyır
Konstitusion şərh hüquqi müəyyənliyin və qanunun aliliyinin təmin edilməsində mühüm rol oynayır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.
Onun sözlərinə görə, Konstitusiya dövlət hakimiyyətinin sərhədlərini müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat verir və ictimai münasibətlərin tənzimlənməsinin əsas istiqamətlərini müəyyənləşdirir. Bu baxımdan Konstitusiyada təsbit edilmiş təməl prinsiplərin düzgün anlaşılması və tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Fərhad Abdullayev vurğulayıb ki, qanunvericilik normaları mücərrəd xarakter daşıdığından onların tətbiqində şərh qaçılmazdır və məhkəmələr hüquq normalarını təfsir edərkən normanın məqsədini, hüquqi təyinatını və Konstitusion prinsiplərlə uzlaşmasını əsas götürməlidirlər.
12:15 20.02.2026
Oxunuş sayı: 577