Ingla International ETC-nin direktoru: Azərbaycanla Özbəkistan arasında tələbə axını həndəsi silsilə ilə artacaq
Keçən ay Azərbaycanda Özbəkistan Universitetlərinin ikinci təhsil sərgisi keçirildi. Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası və CrossMedia.az saytının dəstəyi ilə baş tutan tədbir böyük maraqla qarşılandı. Müşahidələr göstərir ki, sərgi arzuolunan nəticələri verir, iki dövlət arasında təhsil sahəsində əməkdaşlıq güclənir.
Ingla International ETC-nin direktoru Aytən Məmmədli sərgi və onun əhəmiyyətli Crossmedia.az-a müsahibə verib:
- Bildiyimiz kimi, Azərbaycanda Özbəkistanın universitetlərinin sərgisi artıq ənənə halını alıb. Bu sərginin Azərbaycanda keçirilməsi ideyası necə yarandı və Ingla International bu layihədə hansı əsas məqsədləri qarşısına qoymuşdu və hansılarına nail ola bildi?
- Məlum olduğu kimi, Azərbaycanla Özbəkistan arasında son zamanlar əlaqələr çox inkişaf edir. Dövlət başçılarının intensivləşən səfərləri də bunun bariz nümunəsidir. Həmçinin Prezident İlham Əliyevin çıxışlarında iki ölkə arasında humanitar əlaqələrin gücləndirilməsi çağırışı bizi bu istiqamətdə fəaliyyətə ruhlandıran başlıca amillərdən biri oldu. İkinci bir tərəfdən, bu ideya əslində bir ehtiyacdan və regiondakı böyük potensialın
kəşfindən doğdu. Biz bilirik ki, Azərbaycan gəncləri xaricdə təhsil dedikdə
adətən qərbə və ya qonşu Türkiyəyə yönəlirlər. Lakin son illərdə Özbəkistanda
baş verən "təhsil intibahı" – beynəlxalq filialların açılması,
kurikulumların müasirləşməsi və dövlət dəstəyi bizim diqqətimizi çəkdi.
"Niyə də yox?" dedik. Axı dilimiz bir, dinimiz bir, mədəniyyətimiz birdir. Bakıda Özbəkistan təhsilini təqdim etmək həm strateji, həm də mənəvi bir addım olacaqdı. Özbəkistan tərəfi ilə apardığımız ilkin müzakirələrdə onlardakı böyük həvəsi gördükdə, bu ideya artıq gerçək bir layihəyə başlayarkən qarşımıza üç əsas sütun qoymuşduq: Alternativ Yaratmaq: Tələbələrimizə keyfiyyətli, amma hər büdcəyə uyğun olan, eyni zamanda yüksək texnoloji bazası olan yeni bir təhsil istiqaməti təqdim etmək. Akademik Diplomatiya: İki ölkənin universitetləri arasında birbaşa təmas nöqtəsi olmaq. Biz istəyirdik ki, rektorlar və dekanlar bir masa arxasında əyləşib birgə təhsil proqramlarını müzakirə etsinlər. Maarifləndirmə: Özbəkistanın təkcə tarixi şəhərlərindən (Səmərqənd, Buxara) ibarət olmadığını, həm də müasir elm mərkəzi olduğunu göstərmək.
Nəticələr gözlədiyimizdən də parlaq oldu. Sərgidə
2000-dən çox ziyarətçinin iştirakı və 15-dən çox nüfuzlu universitetin təmsil
olunması ilk böyük uğurumuz idiArtıq onlarla Azərbaycanlı gənc Özbəkistanın
tibb, mühəndislik və iqtisadiyyat fakültələrinə müraciət etməyə başlayıb.
- Artıq bu sərgi ikinci dəfədir ki, ölkəmizdə təşkil olunur. Bu sərgi iki ölkə arasında təhsil əməkdaşlığına hansı real töhfələri verə bilər?
- Deyə bilərəm ki, bu sərginin artıq ikinci dəfə keçirilməsi onun "təsadüfi bir tədbir" deyil, "strateji bir platforma" olduğunu sübut etdi. İlk sərgi bir tanışlıq idisə, bu ikinci sərgi artıq bünövrənin möhkəmləndirilməsi və real nəticələrin toplanması mərhələsidir. İki ölkə arasında təhsil əməkdaşlığına verdiyimiz real töhfələri iki əsas istiqamətdə qruplaşdıra bilərəm: Əvvəllər azərbaycanlı tələbə üçün Özbəkistanda təhsil bir qədər "qaranlıq" zona idi. Biz bu sərgi ilə həmin baryeri qırdıq. Bu, yaxın illərdə hər iki ölkə arasında tələbə sayının həndəsi silsilə ilə artmasına səbəb olacaq. Biz sadəcə tələbə göndərmirik, həm də iki ölkənin gəncləri arasında "mədəniyyət elçiləri" ordusu yaradırıq. İkinci bir tərəfdən, təhsil yalnız auditoriya dərsləri deyil. Bizim sərgi elmi konfransların və birgə araşdırmaların katalizatoru rolunu oynayır. Özbəkistanın kənd təsərrüfatı, mühəndislik və tekstil sahəsindəki böyük təcrübəsi ilə Azərbaycanın rəqəmsallaşma və humanitar sahədəki nailiyyətləri birləşir. Sərgi zamanı professor heyətləri arasında qurulan əlaqələrin gələcəkdə birgə elmi laboratoriyaların və "Türk dünyası elmi mərkəzləri"nin qurulmasına yol açacağına inanırıq.
- Sərgidə iştirak edən Özbəkistan
universitetləri azərbaycanlı tələbələr üçün hansı üstünlükləri təklif edir: təhsil
haqqı, təqaüd imkanları və ya ixtisas müxtəlifliyi baxımından?
- Özbəkistan universitetləri azərbaycanlı tələbələr üçün bir neçə mühüm üstünlük təqdim edir. İlk növbədə, təhsil haqları bir çox Avropa və region ölkələri ilə müqayisədə daha münasibdir. Bundan əlavə, müxtəlif universitetlər tərəfindən təqaüd proqramları və endirim imkanları mövcuddur. İxtisas müxtəlifliyi baxımından isə tibb, mühəndislik, İT, iqtisadiyyat, beynəlxalq münasibətlər və humanitar sahələr üzrə geniş seçim təklif olunur. Tədrisin rus, ingilis və özbək dillərində aparılması da əlavə üstünlükdür. Digər tərəfdən Özbəkistanda bir çox nüfuzlu dünya universitetlərinin filialları fəaliyyət göstərir ki, onlarda təhsil daha ucuzdur. Özbəkistan universitetlərinin hamısı xarici tələbələrə əlverişli şərtlərlə yataqxana təklif edir. Nəhayət, Özbəkistanda yaşayış xərcləri digər ölkələrə nisbətən daha azdır.
- Ingla International ETC olaraq gələcəkdə yalnız
Özbəkistanla deyil, digər ölkələrin universitetləri ilə də oxşar beynəlxalq təhsil
sərgiləri keçirmək planlarınız varmı?
- Bəli, Ingla International ETC olaraq strateji planlarımız yalnız Özbəkistanla məhdudlaşmır. Gələcəkdə Türkiyə, Avropa və Asiya ölkələrinin aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində oxşar beynəlxalq təhsil sərgilərinin təşkili planlaşdırılır. Məqsədimiz azərbaycanlı gənclərə mümkün qədər geniş və etibarlı beynəlxalq təhsil seçimləri təqdim etməkdir.
- Özbəkistanın Azərbaycandakı səfiri sərgi ilə bağlı açıqlamasında artıq üçüncü sərginin keçirilməsi planlaşdırıldığını bildirdi. Ingla International ETC olaraq nə vaxt hazırlıqlara başlamağı düşünürsünüz?
- Səfirin bu açıqlaması bizim üçün həm böyük bir etimad, həm də ciddi bir məsuliyyətdir. Ingla Internatinal ETC olaraq bizim iş prinsipimiz "tədbir bitdi, iş bitdi" yanaşması deyil. Əksinə, ikinci sərginin qapıları bağlanan andan etibarən üçüncü sərgi üçün ideya toplamağa başlamışıq. İlk növbədə, bu ilki sərginin statistikasını çıxarırıq. Hansı universitetlərə maraq daha çox oldu? Tələbələri ən çox hansı suallar düşündürürdü? Bu analizlər növbəti sərginin yol xəritəsini müəyyən edəcək. Növbəti sərgidə coğrafiyanı daha da genişləndirməyi hədəfləyirik. Üçüncü sərginin sadəcə stendlərdən ibarət olmasını istəmirik. Planımızda "Virtual Reallıq" (VR) turları vasitəsilə tələbələrə Bakıdan ayrılmadan Özbəkistan kampuslarındakı laboratoriyaları gəzmək imkanı yaratmaq var. Qısası, bizim üçün hazırlıq artıq başlayıb! Biz istəyirik ki, III Sərgi sadəcə sayca çox deyil, həm də keyfiyyətcə tam fərqli və daha interaktiv bir təcrübə olsun.
13:31 16.02.2026
Oxunuş sayı: 864