Oturaq həyat tərzi xüsusən vena damarlarında durğunluğa səbəb olur - MÜSAHİBƏ
Son zamanlar insanlar arasında müşahidə olunan əsas sağlamlıq problemləri arasında qan dövranı və damarlarla bağlı məqamlar xüsusi yer tutur. Həm kişilər, həm də qadınlar arasında oxşar problemlərə rast gəlinir. Mütəxəssislərə görə, bunun bir çox səbəbi var.
Cərrah – fleboloq Günel Nəbiyeva bu barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Doktor, Qan dövranının pozulmasının səbəbləri nələrdir?
- Qan dövranının pozulma səbəbləri hansı damarlarda baş verməsindən asılı olaraq müxtəlifdir. Arteriya damarlarında qan dövranı pozulduqda aterial sistemin, vena damarlaında qan dövranı pozulduqda venoz sistemin xəstəlikləri meydana çıxır. Arterial qan dövranının pozulması damarların daralması və ya tıxanması – aterosklerozu nəticəsində toxuma və orqanların oksigenlə təchizatı pozulur. Səbəblər çoxdur, üstünlük təşkil edənlər ateroskleroz, qəfildən tromb yaranması, müxtəlif risk faktorları: siqaret çəkmək, yüksək təzyiq, şəkərli diabet, piylənmə və xolesterin yüksəkliyidir. Venoz qan dövranının pozulması əsasən vena damarlarının genişlənməsi səbəbindən klapan çatışmazlığı yaranır. Nəticədə qanın periferiyasından ürəyə doğru axın çətinləşir. Ən öndə olan birinci səbəb irsi faktordur. Digər səbəblər uzun müddət ayaqüstə qalmaq, artıq bədən çəkisi ola bilər.
- Damarlarda limfostazın yaranma səbəbləri nələrdir?
- Limfostaz limfa damarlarının zədələnməsi nəticəsində limfa dövranının pozulması zamanı meydana çıxır. Limfostazın yaranmasının müxtəlif səbəbləri və çoxsaylı nəzəriyyələri var. Elmə tam məlum deyil. Limfostaz anadangəlmə və qazanılan ola bilər. Anadangəlmə limfostaz limfa sisteminin generik olaraq düzgün inkişaf etməməsi səbəbindən yaranır. Qazanılmış limfostaza bəzi cərrahi əməliyyatlar, xüsusən xərçəng xəstəliyi zamanı limfadeseksiyadan sonra bəzi travmaları, infeksiyalar (məsələn qızılyel), iltihabi proseslər, venoz çatışmazlıq fonunda rast gəlinir.
- Venoz damarlarda iltihab və qan laxtalanmasının əsas simptomları nələrdir?
- Venoz damarlarda iltihab(flebit) qan laxtalanması (tromboz) olarsa, müxtəlif simptomlar meydana çıxır. Damar boyu qızartı, şişkinlik, ağrı venoz trombozlarında şişkinlik meydana çıxır.
- Ən geniş yayılmış damar xəstəlikləri hansılardır?
- Ən geniş yayılməş damar xəstəliklərinə əsasən aşağı ətrafın varikoz genişlənməsi, ateroskleroz, tromboz, anevrizmalar daxil edilir.
- Oturaq həyat tərzi və qidalanma damar xəstəliklərinin yaranmasında hansı rol oynayır?
- Oturaq həyat tərzi xüsusən vena damarlarında durğunluğa səbəb olur. Nəticədə qanın periferiyadan ürəyə doğru axını çətinləşir, ətraflarda ödem yaranmasına səbəb olur. Qidalanma əsasən arteriya damar xəstəliklərinə, xolesterinli qidalar ateroskleroza səbəb olur.

- Hansı hallarda bu xəstəliklər kritikləşə bilər?
- Arterial damarlarda tıxanma, daralma, toxumalarda oksigen çatışmazlığına, işemiya, ən ağır hallarda qanqrenaya səbəb ola bilir. Vena damarlarının xəstəliklərinin flebit tromboflebitə, dərin vena trombozuna, ən ağır halda ağciyər arteriyasının tromboemboliyasına səbəb ola bilir.
- Bəs uşaqlarda damar xəstəliklərinə rast gəlinirmi?
- Bəli, uşaqlarda da damar patologiyalarına təsadüf olunur.
- Müasir tibb damar xəstəliklərinin müalicəsi üçün hansı imkanları təqdim edir?
- Müasir tibb damar xəstəliklərinin müalicəsi üçün bir sıra nəticələr əldə etmişdi. Son zamanlar az travmatik, invaziv müdaxilələrdən istifadə olunur.
15:04 11.02.2026
Oxunuş sayı: 885