ABŞ ilə İranı Türkiyə barışdıracaq? - Politoloq açıqladı
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə mümkün danışıqların nəzərdən keçirilməsi ilə bağlı göstəriş verdiyini təsdiqləyib. O, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
Pezeşkian bildirib ki, ABŞ prezidentinin danışıqlar təklifinə cavab verilməsi ilə bağlı bölgədəki dost dövlətlərin müraciətləri nəzərə alınaraq, İranın xarici işlər nazirinə müvafiq tapşırıq verilib. Məqsəd ədalətli və bərabər danışıqlar üçün zəmin hazırlamaqdır.
Prezidentin sözlərinə görə, mümkün danışıqlar prosesi milli maraqlar çərçivəsində, ləyaqət, müdriklik və məqsədəuyğunluq prinsiplərinə əsaslanmalı, eyni zamanda təhdidlərdən və əsassız gözləntilərdən uzaq bir mühitdə həyata keçirilməlidir.
Bir gün əvvəl Məsud Pezeşkianın ABŞ ilə danışıqlara başlamaqla bağlı rəsmi göstəriş verdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, mümkün təmasların İranın xarici işlər naziri Abbas Əraqçı ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof arasında Türkiyədə keçirilməsi nəzərdə tutulur.

Tərəflər arasında danışıqların Türkiyədə keçirilməsi ehtimalı barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə söyləyib ki, ABŞ və İran arasında danışıqlar prosesinin Türkiyədə keçirilməsi Ankaranın Yaxın Şərqdə geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir: "Türkiyənin bu prosesə ev sahibliyi etməsi regional vasitəçi rolunu möhkəmləndirir. Xüsusilə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yanvarın 27-də ABŞ prezidenti Donald Trampla telefon danışığı aparması və ardınca İranın xarici işlər naziri Abbas Araqçının Ankaraya səfəri tərəflər arasında vasitəçilik missiyasının artıq praktik mərhələyə keçdiyini göstərir. Qeyd edim ki, Türkiyə rəhbərliyinin əsas təklifi nüvə sazişi üzrə danışıqların bərpası və bu istiqamətdə razılaşmanın əldə olunmasıdır. İranın nüvə proqramı ilə bağlı ABŞ-ın əsas şərtlərini qəbul etməsi mümkündür. Lakin Vaşinqtonun irəli sürdüyü digər siyasi və təhlükəsizlik tələblərinin Tehranın razılığı ilə qarşılanacağı gözlənilmir".
O söyləyib ki, bu prosesdə əsas risk faktoru İranın Ali dini rəhbəri Əli Xameneinin mövqeyidir: "O, danışıqlar prosesinə skeptik yanaşır və əldə olunacaq razılaşmaların icrasını əngəlləyə bilər. Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi variantı masada saxlaması və regiona kifayət qədər hərbi resurs yerləşdirməsi Vaşinqtonun mövqeyindən geri çəkilməyəcəyini göstərir. İran qarşısında iki seçim qalır: ABŞ-ın əsas şərtlərini qəbul etmək və ya hərbi müdaxilə riski ilə üzləşmək. Türkiyədə aparılan danışıqlar müharibənin qarşısını tam şəkildə almasa da, ən azı onu müəyyən müddətə təxirə sala bilər".
12:34 03.02.2026
Oxunuş sayı: 502