Bəzi ofislərdə “vəkil”, “vəkil bürosu” kimi lövhələrə baxmayaraq... - Hüquqşünasdan iddia
Hüquqi dövlət quruculuğunda və vətəndaşların hüquqlarının etibarlı şəkildə təmin olunmasında vəkillik institutu mühüm rol oynayır. Bu sahədə şəffaflığın və peşə etikası normalarının qorunması, həm hüquq sisteminə inamın möhkəmləndirilməsi, həm də vətəndaşların aldadılmasının qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.
Son dövrlər isə vəkillik fəaliyyəti ilə bağlı ciddi narahatlıq doğuran hallar müşahidə olunur. Vəkillər Kollegiyasının sədri Anar Bağırovun açıqlamasına görə, nümayəndəlik institutunun məhdudlaşdırılmasından sonra Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər tərəfindən “vəkil” adından qanunsuz istifadə halları artıb və bu istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliklər edilib.

Məsələ ilə bağlı hüquq müdafiəçisi Ramil Süleymanov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Kollegiya sədrinin qeyd etdiyi kimi, bu gün cəmiyyətdə vəkil adından qanunsuz istifadə edən kifayət qədər şəxslər mövcuddur. Belə şəxslər sosial şəbəkələrdə və müxtəlif platformalarda “vəkil xidmətləri” adı altında hüquqi xidmətlər təklif edirlər. Halbuki onların heç biri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü deyil və vəkil statusuna malik deyillər.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaşın keyfiyyətli hüquqi yardım almaq hüququ vardır və dövlət bu hüququ təmin edir. Dövlət tərəfindən bu təminat Azərbaycan Respublikası Vəkillər Kollegiyası vasitəsilə həyata keçirilir. Kollegiya qanunvericiliyə uyğun olaraq müstəqil, qeyri-dövlət təsisatı olmaqla, vəkillərin peşə birliyidir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcə yazılı və şifahi imtahanlardan keçməli, daha sonra icbari təlim mərhələsinə cəlb olunmalı və bu mərhələləri uğurla başa vurduqdan sonra vəkil andı içməklə fəaliyyətə başlamaq hüququ qazanırlar".
Hüquqşünas, həmçinin bəzi ofislərdə “vəkil”, “vəkil bürosu”, “vəkil xidmətləri” kimi lövhələrə baxmayaraq, həmin məkanlarda Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin xidmət göstərməsi hallarına rast gəlindiyini qeyd edib: "Eyni zamanda dövri mətbuatda vəkil statusu olmayan şəxslərin vəkil adından qanunsuz istifadə edərək vətəndaşları aldatmaları, onların etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirmələri barədə xəbərlər dərc olunur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən, vəkil adından qanunsuz istifadə edən fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər isə 600 manatdan 800 manatadək məbləğdə inzibati qaydada cərimə olunurlar".
13:01 03.02.2026
Oxunuş sayı: 585