Aİ vahid Avropa silahlı qüvvələrinin yaradılması ideyasına qarşıdır - Zelenskiyə "soyuq duş"
Avropa İttifaqı (Aİ) vahid Avropa silahlı qüvvələrinin yaradılması ideyasına qarşıdır.
Crossmedia.az "RBK Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
Onun sözlərinə görə, hərbi məsələlərdə əsas amil aydın struktur və iyerarxiyadır.
Kallas bildirib ki, hər bir Avropa ölkəsinin ordusu var və 23 ölkənin orduları da NATO strukturlarının bir hissəsidir: "Buna görə də ölkələrin ayrıca Avropa ordusu yaratdığını təsəvvür edə bilmirəm. Artıq mövcud olan ordular olmalıdır. Bunun praktikada necə işlədiyini görməliyik".
Onun fikrincə, ayrıca Avropa ordusunun yaradılması komandanlıqda qarışıqlıq yaradacaq: "Bir şey baş verdikdə, kimin kimə əmr verdiyi aydın olmalıdır. Paralel strukturlar yaratsaq, bu, yalnız mənzərəni qarışdıracaq. Çətin anlarda isə əmrlər sadəcə itib gedə bilər".
Qeyd edək ki, daha əvvəl Ukrayna lideri Volodimir Zelensi tərəfdaşlarına üç milyon hərbçidən ibarət Avropa Silahlı Qüvvələri yaratmağı təklif edib.
"Politico" nəşrinin məlumatına görə Avropa liderləri artıq Ukraynanın döyüş təcrübəsi sayəsində təməl kimi xidmət edə biləcəyi yeni bir hərbi ittifaq yaratmaq imkanını nəzərdən keçirirlər. Lakin əsas çətinlik maliyyələşdirmə və vahid komandanlıq məsələsi olaraq qalır. Müzakirəyə səbəb ABŞ Prezidenti Donald Trampın ticarət tarifləri və ABŞ siyasətindəki dəyişikliklərlə bağlı təhdidləri olub. Tramp müttəfiqlərinə qarşı tariflər elan edərək, onları ABŞ-nin Qrenlandiya üzərində nəzarəti ələ keçirməsinə mane olmağa çalışmaqda günahlandırıb. Bu addım Avropa liderləri üçün həyəcan siqnalı olub və onları öz hərbi ittifaqlarını yaratmaq barədə ciddi düşünməyə məcbur edib.
18:45 29.01.2026
Oxunuş sayı: 422