300 minlik dələduzluğa görə tutulan ehtiyatda olan mayorla bağlı ittiham aktı elan edilib
Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama görə, təqsirləndirilən Bəşir Bəşirov vətəndaşların etibarından sui-istifadə edərək səkkiz şəxsə 185.000, 30.000, 24.280, 23.000, 17.000, 16.500, 16.100 manat olmaqla, ümumilikdə 312 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirilib.
Məhkəmə təqsirləndirilən şəxsə ifadə verməsi üçün söz versə də, o, bundan imtina edib. Bildirib ki, yeni vəkili ilə müqavilə bağladıqdan sonra ifadə verəcək.
Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınan üç nəfər ifadə verib. Məhkəmənin növbəti prosesi digər zərərçəmişlərin ifadəsi ilə davam edəcək.
Qeyd edək ki, iş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Vətəndaşların şikayəti əsasında Bəşir Bəşirov saxlanılıb və istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda həbsdə olan Bəşir Bəşirovun cinayət işinin istintaqı öncə Hərbi Prokurorluqda aparılıb, sonradan ibtidai istintaq araşdırması Baş Prokurorluğa həvalə edilib.
Qeyd edək ki, ehtiyatda olan mayor Bəşir Bəşirov 2020-ci ildə ləğv edilmiş Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçusu olub. Sonradan ehtiyata buraxılıb.
12:56 08.01.2026
Oxunuş sayı: 1257