ABŞ-nin Qrenlandiya iddiası, dünya susur- ŞƏRH
"The Wall Street Journal" qəzeti mənbələrə istinadən bildirib ki, ABŞ Qrenlandiyanı satın ala bilər. İddiaya görə, ABŞ Dövlət katibi Marko Rubio amerikalı qanunvericilərə bildirib ki, Vaşinqton üçün prioritet variant Qrenlandiyanın satın alınmasıdır, hərbi müdaxilə isə nəzərdə tutulmur.
Qəzetin məlumatına görə, Rubio bu barədə bazar ertəsi ABŞ Konqresinin üzvləri ilə qapalı görüşdə çıxış edib.
Rəsmi Vaşinqtonun Qrenlandiya ilə bağlı iddiaları bitib- tükənmək bilmir. Venesuela ilə bağlı məqsədinə çatdıqdan sonra Vaşinqtonun ambisiyalarının daha da güclənməsi mümkündür. Bu isə Avropanın ciddi narazılığına səbəb olur. Rusiya- Ukrayna müharibəsinə görə onsuz da qarşı - qarşıya gələn ABŞ və Avropa arasında uçurumlar dərinləşir. 
Belə bir vaxtda ABŞ-nin iddialarının mümkün nəticələri barədə Crossmedia.az-a danışan türkiyəli politoloq Hüsametdin İnaç deyib ki, Venesueladan sonra növbəti hədəf Qrenlandiyadadır: "Məlum olduğu kimi, Qrenlandiya 1800-cü illərdə Danimarkaya satılıb. İndi isə ABŞ Qrenlandiyanın ona qaytarılmasını tələb edir. Bu tələbin iki səbəbi var. Birincisi, Çin Qrenlandiya üzərində artan təsiridir. İkincisi isə Qrenlandiyanın yeraltı və yürüstü sərvətləri, o cümlədən nadir torpaq elementləridir".
Müsahibimiz söyləyib ki, rəsmi Vaşinqtonun bu tələbi tamamilə irrasionaldır: "Amma dünya nə isə edə bilmir. Biz bunu Venesuela nümunəsində də gördük. Rusiya və Çin faktiki olaraq susur. Üstəlik, beynəlxalq hüquq işləmir. "Kim güclüdürsə, o da haqlıdır" prinsipi işləyir. ABŞ-nin bu həmlələrindən sonra sabah Rusiya Moldovaya, Çin Tayvana hücum edə bilər".
Politoloq, həmçinin Avropanın hazırkı mövqeyinə diqqətçəkib: "Avropa çox gücsüzdür. Faktiki olaraq çökür. Belə bir şəraitdə Avropa ABŞ qarşısında nə isə edə bilməz. Odur ki, Avropanın Danimarkanı müdafiə edəcəyi inandırıcı görünmür".
13:18 07.01.2026
Oxunuş sayı: 1743