İsraillə Suriya arasında "buzlar əriyir": Proses hansı mərhələyə qədər irəliləyəcək?
Suriya
nümayəndə heyəti ABŞ-ın vasitəçiliyi ilə İsraillə görüş keçirib.
Suriya
Ərəb Respublikasından olan nümayəndə heyətinə xarici işlər naziri Əsəd Həsən
əl-Şeybani və Baş Kəşfiyyat İdarəsinin direktoru Hüseyn əl-Səlami başçılıq
edib.
Mənbə
vurğulayıb ki, danışıqlar əsasən 1974-cü il tarixli Qoşunların Çəkilməsi
Sazişinin bərpasına yönəlib. Bu çərçivədə məqsəd İsrail qoşunlarının 8 dekabr
2024-cü ildən əvvəl mövcud olan mövqelərə geri çəkilməsini təmin edən,
Suriyanın tam suverenliyinə üstünlük verən və Suriyanın daxili işlərinə hər
hansı müdaxilənin qarşısını alan balanslaşdırılmış təhlükəsizlik sazişidir.
Məlumata görə, İsrail və Suriya ABŞ-nin vasitəçiliyi ilə
təhlükəsizlik məsələləri üzrə təmasları bərpa edib.
Baş nazirin ofisindən qeyd olunub ki, təmaslar zamanı İsrail regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə sadiqliyini təsdiqləyib, həmçinin hər iki ölkənin maraqları naminə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini göstərib.

Baş verən
proseslər barədə Crossmedia.az-a danışan Yaxın Şərqi üzrə siyasi şərhçi Vüqar
Zifəroğlu bildirib ki, İsraillə Suriya nümayəndə heyətləri arasında
ABŞ-nin vasitəçiliyi ilə Parisdə təhlükəsizlik danışıqlarının növbəti raundunun
keçirilməsində məqsəd 1974-cü ildə Holan yüksəklikləri üçün bağlanmış ayrılma
rejiminin yenilənməsi, sərhəd boyunca təhlükəsizlik məsələlərinin tənzimlənməsi
və qarşıdurmanın qarşısının alınmasıdır: “Söhbət Suriyanın cənubunda –
Dəraa–Quneytra xəttində dövlətlərarası, məhdud coğrafiyalı və texniki
təhlükəsizlik rejimindən gedir. Təbii ki, ABŞ üçün əsas məqsəd İsrail
sərhədində idarə olunan sakitlikdir və buna görə prosesə birbaşa liderlik edir.
Danışıqların əsas məqsədi İsrail qüvvələrinin 8 dekabr 2024-cü ildən əvvəlki
mövqelərinə geri çəkilməsini təmin etmək üçün 1974-cü il sazişinə əsaslanan
“balanslaşdırılmış təhlükəsizlik sazişi” çərçivəsində razılaşma əldə etməkdir.
Bu, Suriyanın tam suverenliyinin tanınması və daxili işlərinə müdaxilənin
qarşısını almağı hədəfləyir. 1974-cü il Qoşunların Çəkilməsi Sazişi, 1973-cü il
Ərəb-İsrail müharibəsindən sonra BMT-nin müşahidəsi altında sərhəddə ayrılma
zonasını təsis etmişdi və tərəflər arasında atəşkəsin qorunmasına xidmət
etmişdi. Danışıqların bu sazişin yenidən qüvvəyə mindirilməsinə fokuslanması,
üzərində gərginlik yaratmış praktik problemlərin aradan qaldırılması üçün mühüm
diplomatik baza rolunu oynaya bilər”.
Müsahibimiz bildirib ki, tərəflər əvvəlki dialoqu bərpa edərək yeni təhlükəsizlik mexanizmləri haqqında razılığa gəlməyə çalışırlar: “Bu proses ABŞ-nin vasitəçilik rolu ilə gedir və İsrail-Suriya münasibətlərində müəyyən bir normallaşma istiqamətində mühüm addım hesab oluna bilər. Lakin unutmaq olmaz ki, bu prosesi müşayiət edən siyasi və təhlükəsizliklə bağlı əngəllər, tərəflər arasında hələ də dərin fikir ayrılıqlarının mövcud olduğunu göstərir”.
10:46 07.01.2026
Oxunuş sayı: 1763