Ərdoğan Trampla danışdı: Rusiya- Ukrayna masası İstanbulda qurulur
Prezident Rəcəb Tayyib Ərdoğan "Bloomberg"ə müsahibəsində Rusiya-Ukrayna müharibəsinin getdikcə Türkiyə üçün çətinləşən bir vəziyyətə çevrildiyini bildirib.
R.T.Ərdoğan Rusiya gəmilərinin boğazlar vasitəsilə Qara dənizə keçidinin məhdudlaşdırılmasına da toxunub.
O, müharibənin mümkün sülh prosesindən də danışıb.
"Türkiyə İstanbulu yenidən Ukrayna və Rusiya arasında sülhün müzakirə olunduğu mərkəz halına gətirməyə hazırdır. Biz həm Vladimir Putinlə, həm Volodimir Zelenski ilə birbaşa danışa bilən, eyni zamanda, Vaşinqton-Brüssel xəttində NATO və BMT nəzdində təşəbbüslər göstərən, güclü və balanslı diplomatik əlaqələr qura bilən yeganə aktoruq".
Məkum olduğu kimi, Türkiyə Şərqi Avropadakı müharibənin ilk günündən etibarən tərəflərlə təmasdadır. Ankaranın vasitəçilik səyləri zaman- zaman nəticə versə də, bu, müharibənin başa çatması üçün kifayət etməyib. İndi isə vəziyyət daha gərgindir. Mütəxəssislərin fikrincə, danışıqlar hər nə qədər aktual olsa da, şərtlər daha ağırdır. Buna baxmayaraq, Türkiyə vasitəçilik iddiasından imtina etmir.

Bu barədə Crossmedia.az-a danışan türkiyəli politoloq Hasan Oktayın fikrincə, Rusiya-Ukrayna böhranı dördüncü ilinə qədəm qoyduqca, sülhə olan ümidlər gündən-günə etibarını itirir: "Prezident Ərdoğanın İstanbulu anlaşma mərkəzi etmək təklifi bir daha Türkiyənin müharibənin əvvəlindən bəri oynadığı vasitəçi rolunu yeni bir ölçüyə qaldırmaq istəyini göstərir. İstanbul prosesinin yenidən aktuallaşması mümündür. Bu ehtimal 2022-ci ildən bəri ən yüksək səviyyədədir. Bunun bir neçə əsas səbəbi var. Birincisi, Trampın müharibəni tez bir zamanda bitirmək istəyi və tərəfləri masa arxasına məcbur etmək yanaşması Türkiyənin "İstanbul Masası" təklifi ilə üst-üstə düşür. Trampın "28 maddəlik sülh planı" kimi konkret layihələr üzərində işi bir mexanizmə ehtiyac olduğunu göstərir. İkincisi, Türkiyə həm Ukraynanın ərazi bütövlüyünü müdafiə edən, həm də Rusiya ilə dialoq kanallarını açıq saxlaya bilən nadir ölkələrdəndir. Qərb ölkələrinin əksəriyyəti tərəf tutduğundan, İstanbul hələ də neytral zəmin kimi ən güclü namizəddir".
Ekspert söyləyib ki, Türkiyənin vasitəçiliyi indi daha strateji əhəmiyyətlidir: "Türkiyə qeyri-mümkün görünən məsələlərdə, o cümlədən məhbus mübadiləsi, Taxıl dəhlizi məsələsində nəticələr əldə edə biləcəyini sübut edib. Yalnız Ukraynada deyil, həm də son zamanlar ön plana çıxan Venesuela kimi böhranlarda Türkiyənin vasitəçi rolu Tramp administrasiyası tərəfindən bir vasitə kimi qəbul edilir. Dünən Ərdoğanın amerikalı həmkarı Donald Trampla telefon danışığının rəsmi məzmunundan məlum olur ki, tərəflər ikitərəfli münasibətləri, müdafiə sənayesi və ticarətlə yanaşı, Qəzza və Venesuela məsələləri də müzakirə ediblər. Ərdoğanın bu söhbətdən dərhal sonra İstanbula vurğu etməsi göstərir ki, Türkiyə Trampın sülh planını həyata keçirmək üçün ehtiyac duyduğu logistika və diplomatik mərkəzi təmin edir. Ehtimal ki, müzakirələr Trampın Ukrayna-Rusiya sülhü istiqamətində atdığı böyük addımları həyata keçirmək üçün potensial məkan kimi İstanbula yönəlmişdi. Qısacası, Trampın sürətli həll vədi ilə Putinin etibarlı tərəfdaş axtarışı arasında qalan Türkiyə, İstanbulu qlobal sülhün mərkəzi kimi yenidən təqdim etməyə çalışır".
11:47 06.01.2026
Oxunuş sayı: 2698